Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Səfər çərçivəsində aparılan müzakirələr təkcə mövcud əməkdaşlığın dərinləşdirilməsi deyil, həm də yeni strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab olunur. İlk növbədə, dövlətimizin başçısının vurğuladığı kimi, Bakı və Praqa arasında siyasi dialoq artıq fəal və dinamik xarakter alıb. Bu, tərəflər arasında qarşılıqlı etimadın artdığını və münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. Azərbaycan Respublikası və Çex Respublikası arasında münasibətlər dərin tarixi köklərə malikdir. Ölkələrimiz hələ sovetlər dövründə mədəniyyət, təhsil, elm sahəsində sıx əlaqələr qurub. Ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib.
Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensiv xarakter alması isə münasibətləri daha da möhkəmləndirib. Azərbaycan Prezidentinin Çex Respublikasına gerçəkləşmiş davamlı səfərləri, eləcə də bu ölkə rəsmilərinin Azərbaycanda olması münasibətlərin inkişafındakı dinamikanı gücləndirib. Çex Respublikası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində davamlı olaraq qətiyyətli mövqe nümayiş etdirib. Hər iki dövlət ikitərəfli münasibətlər qurmaqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də fəal siyasi dialoqa böyük önəm verir və bərabərhüquqlu tərəfdaş olaraq qətiyyətli mövqe sərgiləyirlər. 2015-ci ildə imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Həmçinin, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Komissiya münasibətlərin inkişafında əlaqələndirici rol oynamaqla, əhəmiyyətli müsbət nəticələrə nail olub.
Hazırda müxtəlif regionlarda baş verən münaqişələrin yaratdığı təchizat-logitstika zəncirlərinin pozulması enerji, resurs və üstün kommunikasiya potensiallarına malik olan Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırmaqdadır. Ölkəmizin strateji coğrafi mövqeyi və imkanları, regionda sülh və sabitliyin möhkəm dayağı olması, rifah və qlobal əməkdaşlığa əvəzsiz töhfələr verməsi Avropa İttifaqının inkişaf etmiş ölkələrindən olan Çexiya üçün də cəlbedici məzmun daşıyır. Azərbaycanın ticarət dövriyyəsinin daha yüksək səviyyəyə çatdırılacağına əminliyini bildirən dövlət başçımız ticarət dövriyyəsinin daha tarazlı olmasını, strukturun təkmilləşdirilməsinə ümidli olduğunu da xatırladaraq dedi: “Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir; - Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir; - Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir”.
Azərbaycanla Çexiya arasında enerji təhlükəsizliyi və digər müxtəlif sahələr üzrə əməkdaşlıq da genişlənir. Bu, hərbi təyinatlı məhsulların idxalına da aiddir. Azərbaycanla Çexiya arasında hərbi məhsulların birgə istehsalı ilə bağlı danışıqlar da aparılmışdır, bu danışıqlarda birgə istehsal da müzakirə olunmuşdur. Prezident İlham Əliyev mətbuata bəyanatında daha sonra bildirdi: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır...”.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini