PDF Oxu

Siyasət

  • 1 230

Azərbaycan-Çexiya strateji əlaqələrində yeni səhifə

image

Azərbaycan Respublikası və Çex Respublikası arasında münasibətlər dərin tarixi köklərə malikdir. Ölkələrimiz hələ sovetlər dövründə mədəniyyət, təhsil, elm sahəsində sıx əlaqələr qurub. Ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib.

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensiv xarakter alması isə münasibətləri daha da möhkəmləndirib. Azərbaycan Prezidentinin Çex Respublikasına gerçəkləşmiş davamlı səfərləri, eləcə də bu ölkə rəsmilərinin Azərbaycanda olması münasibətlərin inkişafındakı dinamikanı gücləndirib.
Çex Respublikası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində davamlı olaraq qətiyyətli mövqe nümayiş etdirib. Hər iki dövlət ikitərəfli münasibətlər qurmaqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də fəal siyasi dialoqa böyük önəm verir və bərabərhüquqlu tərəfdaş olaraq qətiyyətli mövqe sərgiləyirlər.
2015-ci ildə imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Həmçinin, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Komissiya münasibətlərin inkişafında əlaqələndirici rol oynamaqla, əhəmiyyətli müsbət nəticələrə nail olub.
Hazırda müxtəlif regionlarda baş verən münaqişələrin yaratdığı təchizat-logitstika zəncirlərinin pozulması enerji, resurs və üstün kommunikasiya potensiallarına malik olan Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırmaqdadır. Ölkəmizin strateji coğrafi mövqeyi və imkanları, regionda sülh və sabitliyin möhkəm dayağı olması, rifah və qlobal əməkdaşlığa əvəzsiz töhfələr verməsi Avropa İttifaqının inkişaf etmiş ölkələrindən olan Çexiya üçün də cəlbedici məzmun daşıyır.
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri də mövcud fraqmentasiyalar fonunda xüsusi məna kəsb edir. Səfər rəsmi Praqa və Bakı arasında strateji tərəfdaşlığı möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıq üçün möhkəm zəmin yaradır, müasir inkişaf prioritetlərini müəyyənləşdirmək baxımından faydalı gündəlik formalaşdırır.
Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlarda səsləndirilən fikirlər Azərbaycan və Çex Respublikasının etibarlı və yaxın strateji tərəfdaş olduqlarını bir daha təsdiqləyir. Cənab Prezidentin bildirdiyi kimi, iki ölkə arasındakı əlaqələr dinamik şəkildə inkişaf edir, fəal siyasi dialoq münasibətləri daim irəlilədir.
Səfər zamanı regional, ikitərəfli və qlobal xarakter daşıyan məsələlər ətrafında aparılan fikir mübadiləsi isə konkret və nəticəyönümlü olmaqla, gələcək fəaliyyətin prinsiplərini, iqtisadi sahədə görüləcək işlərin yeni prioritetlərini müəyyən edir.
Çexiya Avropada Azərbaycanın ən böyük ticarət tərəfdaşları sırasında ilk onluqda yer alır ki, bu da ticari-investisiya-iqtisadi təmasların kifayət qədər qaneedici olmasını təsdiqləyir. Ticarət dövriyyəsinin həcmi 2025-ci ildə 800 milyon ABŞ dollarını ötüb ki, əmtəə mübadiləsinin 744 milyon dolları Azərbaycanın payına düşüb. Ticarət dövriyyəsinin strukturunda Azərbaycan neftinin ixracı xüsusi üstünlük təşkil etdiyindən, tərəflər əmtəə mübadiləsini şaxələndirmək və daha tarazlı olması üçün strukturunu təkmilləşdirmək niyyətindədirlər.
Mühüm məqamlardan biri də nümayəndə heyətinin tərkibində Hökumətin iqtisadi komandasının üzvləri ilə yanaşı Çexiyanın nüfuzlu biznes icmasının yer alması idi. Bu rəsmi Praqanın gündəliyinin kifayət qədər geniş olmasına işarə edir və Azərbaycanla əlaqələrə çoxistiqamətli rakursdan yanaşıldığını göstərir. Liderlərin iştirakı ilə biznes heyətləri üzvlərinin qarşılıqlı fikir mübadilələri aparması da iqtisadi və sərmayə yönümlü layihələrin diqqət mərkəzində olduğuna işarə edir. Eyni zamanda, bu müştərək faydalı müzakirələr yeni iqtisadi prioritetləri müəyyən etmək, dövlət və özəl şirkətlər arasında təmasları əlaqələndirmək, investisiya təşviqini artırmaq, ticari mübadiləni mövcud potensial sütunları üzərində inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Avropa enerji ailəsinin sadiq üzvü kimi son illərdə qazın həcmlərini artırmaq və şaxələndirməklə, ixrac coğrafiyasını daha da genişləndirib və 16 ölkənin qaz təminatında aparıcı dövlətdir. Həmin ölkələrin 10-u Avropa İttifaqı ölkəsidir. Çexiya ilə əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olması, eləcə də Çexiyanın qonşu ölkələr üçün tranzit rolunu oynaması bu sahədə gələcək əməkdaşlıq üçün yeni imkanlar meydana çıxarır. İdxal edilən neftin 42 faizini Azərbaycandan əldə edən bu ölkə Cənub Qaz Dəhlizinin infrastrukturunun genişləndirilməsi və enerji təchizatının şaxələndirilməsi çərçivəsində qaz təminatını da artırmaq, eləcə də regional ixrac zəncirində rolunu möhkəmləndirmək imkanı qazanacaq.
Azərbaycan, eyni zamanda, coğrafi mövqeyi və trans-logistika imkanları ilə regionda əsas aparıcı və ölkələr arasında əlaqələndirici körpü rolunu oynayır. Müxtəlif coğrafi hüdudlar və qitələrdən başlayan nəqliyyat tranzitləri ölkəmizin coğrafi landşaftını əhatə etməklə Azərbaycanın bölgədə tənzimləyici və idarəedici rolunu da artırır. Bu baxımdan, Avropanın mühüm logistika qapılarından biri olan Çex Respublikası ilə kommunikasiya bağlantılarının diversifikasiyası üçün mühüm əhəmiyyət daşıyır.
Həmçinin Azərbaycanın nəqliyyat xidmətləri sektorunda çex şirkətlərinin fəal yer alması istisna edilmir. Baş nazir Andrey Babişin bəyanatında xatırladıldığı kimi, Bakı Metropoliteni ilə müqavilə çərçivəsində bu nəqliyyat sahəsinin modernləşdirilməsi, eləcə də “ŞKODA Daşımalar” və “PPF Qrupu” ilə birgə müəssisənin qurulması nəqliyyat sənayesində birgə istehsal zəncirinin formalaşmasını təmin edəcək. Bundan əlavə, Azərbaycanın təyyarə parkının müasirləşməsində də çex şirkətlərinin xidmətlərindən istifadə edilə bilər.
İki ölkə arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır ki, bu istiqamətdə də uzun müddət ərzində uğurlu təmaslar qurulub, Azərbaycan bir çox hərbi təyinatlı məhsullar alır və indiki mərhələdə Çexiya ilə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar aparılır.
Azərbaycan və Çexiya arasında keçirilən Biznes-forum isə iqtisadi bağlantıları daha da gücləndirmək, investisiya əlaqələrini genişləndirmək və iqtisadi inkişafın müştərək modelini hazırlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əldə edilən razılaşmalar və müəyyən edilən yeni prioritetlər strateji əlaqələrinin inkişafında yeni mərhələ olacaq.

Ramid Namazov
Milli Məclisin deputatı

Digər xəbərlər