“Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva təkcə doğum günündə deyil, hər zaman hörmət və ehtiramla anılır, onun xatirəsi daim yad edilir və Azərbaycan elmi qarşısındakı xidmətləri yüksək qiymətləndirilir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.Onun sözlərinə görə, Zərifə xanım Əliyeva elmə bağlı ömrünü Azərbaycan tibb elminin inkişafına həsr etmiş, xüsusilə oftalmologiya sahəsində mühüm yeniliklərə imza atmış böyük alimlərdən biridir:”Onun traxoma kimi görmə itkisinə səbəb olan infeksion xəstəliklərə qarşı apardığı genişmiqyaslı elmi tədqiqatlar və müalicə metodlarının işlənib hazırlanması həmin dövr üçün böyük elmi və praktik əhəmiyyət daşıyırdı.Alimin tədqiqatlarında göz xəstəliklərinin müalicəsi və profilaktikası ilə yanaşı, antibiotiklərin tətbiqi imkanlarının öyrənilməsi də xüsusi yer tutmuşdur. Bu araşdırmalar oftalmologiya elminin inkişafına mühüm töhfə vermişdir.Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin digər mühüm istiqaməti isə neft-kimya və sənaye sahələrində çalışan insanların görmə orqanlarına təsir edən amillərin araşdırılması olmuşdur. Onun bu sahədə apardığı tədqiqatlar Azərbaycan elmi üçün həmin dövrdə mühüm yenilik hesab edilirdi.Görkəmli alimin xidmətləri yüksək qiymətləndirilmiş və o, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.Zərifə xanım Əliyeva yalnız görkəmli alim kimi deyil, həm də ailəsinə sadiq həyat yoldaşı, nümunəvi ana kimi xalqımızın qəlbində əbədi yer tutmuşdur. O, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olmaqla yanaşı, həm də onun ən yaxın silahdaşı olmuş və Azərbaycan qadını üçün yüksək mənəvi örnək kimi tarixə düşmüşdür.Ən çətin anlarda Zərifə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin yanında olmuş, onun həyat yolunda mənəvi dayaq göstərmiş, sədaqəti və vəfası ilə onun ömrünə dərin məna qatmışdır. O, Ulu Öndərə olan böyük məhəbbətini hər zaman səmimiyyətlə və qürurla ifadə etmiş, ailə dəyərlərinə sadiqliyi ilə nümunə olmuşdur.Zərifə xanım Əliyeva eyni zamanda xoşbəxt bir ana idi. O, Azərbaycan xalqına və dövlətinə İlham Əliyev kimi uzaqgörən, humanist dəyərlərə sadiq, ölkəsinin inkişafı naminə çalışan bir lider bəxş etmişdir.Bu gün Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın inkişafına, torpaqlarımızın azad olunmasına, dövlətimizin güclənməsinə və xalqımızın rifahına yönəlmişdir. Onun rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərə imza atmış, uzun illər işğal altında olan torpaqlarımız azad edilmişdir.Zərifə xanım Əliyeva həm görkəmli alim, həm də ailəsinə bağlı bir şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yer tutmuşdur. Onun xatirəsi hörmət və ehtiramla anılır. Ruhu şad olsun”!
Müəllif: Günay Hacıyeva