Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatında Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli "Azərbaycan qadınının milli etalonu: akademik Zərifə xanım Əliyeva", Naxçıvan şəhər 13 №-li tam orta məktəbin dərs hissə müdiri, partiya fəalı Çinarə Məmmədova "Elm, mərhəmət və Vətənə xidmət nümunəsi", “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-in həkim-pediatrı, ərazi partiya təşkilatı sədri Günel Babayeva "Zərifə xanım Əliyevanın həyatı və yaradıcılığı" mövzusunda məruzələrlə çıxış ediblər.
Natiqlər bildiriblər ki, akademik Zərifə xanım Əliyeva təkcə görkəmli oftalmoloq-alim deyil, həm də böyük bir dövlətçilik məktəbinin mənəvi sütunu, elmi təfəkkürlə humanist dəyərləri birləşdirən nadir şəxsiyyətdir. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Tibbi Tədqiqatlar İnstitutunda elmi karyerasına başlayaraq akademiklik elmi zirvəsinə qədər ucalmış və imza atdığı böyük nailiyyətlərlə Azərbaycanın tibb elmi tarixində ayrıca bir mərhələnin əsasını qoymuşdur.
Əməkdar elm xadimi Zərifə xanım Əliyeva təxminən 200 elmi məqalənin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təklifin müəllifi olub. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən xanım akademikin bundan iki il əvvəl, 1981-ci ildə oftalmologiya sahəsindəki müstəsna xidmətlərinə görə keçmiş SSRİ-nin Tibb Elmləri Akademiyasının tibbin bu sahəsində ən nüfuzlu – M.İ.Averbax mükafatına layiq görülməsi onun beynəlxalq elmi miqyasının təsdiqi idi. Zərifə xanım bu mükafata layiq görülən ilk qadın alim idi.
Öz elmi fəaliyyətinin ən məhsuldar və intensiv dövründə belə Zərifə Əziz qızı həkimlik və pedaqoji fəaliyyətlə də məşğul olur, cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Zərifə xanım üçün həkimlik sadəcə bir ixtisas deyil, yüksək mənəvi missiya idi. Onun məşhur həkimlərin etik davranışları haqqındakı mülahizələri bu gün də aktualdır. “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” əsərində akademik həkim və xəstə arasındakı münasibətləri psixoloji və fəlsəfi müstəviyə çıxarmışdır.
Zərifə xanım Əliyevanın obrazını tamamlayan ən mühüm cəhətlərdən biri onun humanizmi və təmənnasız xeyriyyəçilik fəaliyyətidir. O, tibb elminin zirvəsində dayanan bir alim olmaqla yanaşı, həm də xalqın dərdinə şərik olan, hər bir fərdin problemini özününküləşdirən “mənəvi ana” obrazı idi. Zərifə xanım üçün xəstənin sosial statusu və ya maddi imkanı heç bir əhəmiyyət kəsb etmirdi. O, ölkənin ən ucqar kəndlərinə, sənaye müəssisələrinə gedərək minlərlə insanı təmənnasız müayinə və müalicə edirdi.
Akademik Zərifə Əliyevanın portretində alim ciddiliyi ilə ana şəfqəti bir-birini tamamlayan iki ayrılmaz hissədir. Onun xeyriyyəçiliyi ucuz şöhrətə deyil, dərin daxili ehtiyaca söykənirdi. Zərifə xanım təmənnasız yardımın ən ali formasını – insana itirdiyi dünyanı (görmə qabiliyyətini) geri qaytarmaqla nümayiş etdirirdi. O, təkcə gözlərin cərrahı deyil, həm də yaralı qəlblərin təsəllisi idi. Onun həyat fəlsəfəsi “yaşatmaq və nur bəxş etmək” üzərində qurulmuşdu ki, bu da onu xalqın yaddaşında əbədi yaşadan ən böyük sərvətdir. O, bütün gənc həkimlərə hər zaman xəstəyə təmənnasız yanaşmağı, onlara ailə üzvü kimi baxmağı aşılayırdı. Zərifə xanım dönmədən təlqin edirdi ki, həkimlik peşəsi mənfəət üzərində deyil, şəfqət üzərində qurulmalıdır.
Zərifə xanım Əliyeva Azərbaycanın müasir dövlətçilik tarixinin ən parlaq simalarından olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və silahdaşı kimi də siyasi tariximizdə xüsusi çəkiyə malikdir. O, 1969-1985-ci illərdə Azərbaycanın dövlət başçısı və keçmiş SSRİ rəhbərliyində mühüm vəzifələrdə təmsil olunmuş Ulu Öndərin siyasi və dövlətçilik fəaliyyətində ən etibarlı mənəvi arxa, Azərbaycan cəmiyyətində isə intellektual qadın hərəkatının lideri idi. Heydər Əliyev və Zərifə xanım tərəfindən təməli qoyulmuş ailə modeli müasir Azərbaycan dövlətçiliyinin dəyərlər sistemində mühüm yer tutur – bu, güclü dövlətçiliklə güclü milli-mənəvi dəyərlərin sintezi kimi çox vacib bir institusional modeldir.
Zərifə xanım milli kimliyi ilə modernizmi birləşdirən “ideal Azərbaycan qadını” obrazını formalaşdırmışdır. O, elmdə akademiklik zirvəsinə ucalmasına baxmayaraq, hər zaman sadəliyi, təvazökarlığı və kübarlığı ilə seçilirdi. Zərifə xanım, bu nəcabəti gələcək nəsillərə – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında müasir dövlət idarəçiliyinə ötürən mənəvi körpüdür.
Akademik Zərifə Əliyevanın ömür yolu “işığa xidmət” fəlsəfəsi üzərində qurulmuşdur. O, həm tibbi fəaliyyəti ilə minlərlə insanın gözlərinə işıq bəxş etmiş, həm də öz mənəvi dünyası ilə cəmiyyətimizin yoluna nur səpmişdir. Bu gün onun elmi məktəbi yaşayır, ideyaları Azərbaycan elminin və töhfələri isə dövlətçiliyimizin gələcək inkişafı üçün sönməz bir məşəl rolunu oynayır.