PDF Oxu

Siyasət

  • 427

Sel və daşqınların fəsadları aradan qaldırılır

image

Dövlət başçısı sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Bildiyimiz kimi, bu ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur. Qeyd edək ki, atmosferdə baş verən proseslər Yer kürəsində təhlükəli və dağıdıcı təbiət hadisələri yarada bilir. Şiddətli və quru isti küləklər, burulğan, leysan yağışları, dolu, çovğun, sırsıra, toz (qum) burulğanları, şaxta, duman və s. təhlükəli hallar yarada bilən meteoroloji hadisələrdir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, dünyada baş verən təbii fəlakətlərin 80-85%-i dağıdıcı hidrometeoroloji hadisələrin payına düşür. İqlim dəyişmələrinin təsiri nəticəsində dünyanın, demək olar ki, əksər bölgəsində sel, daşqın, fırtına, qasırğa, dolu və s. təhlükəli hidrometeoroloji hadisələrin təkrarlanması və təhlükə dərəcəsi artmaqdadır. Bu səbəbdən də bu kimi hadisələrin baş verməsi nəticəsində böyük dağıntılar və insan itkisi ciddi dərəcədə artıb. Mütəxəssislərin fikricə, bu gün Azərbaycanda da sel və daşqın hadisələrinin sayı və təhlükə dərəcəsi ötən əsrlə müqayisədə xeyli artıb. Son dövrlərdə iqlim dəyişmələrinin təsiri ilə bu hadisələr təkcə ilin yağıntılı dövrlərində deyil, həm də ilin quraq dövründə - yay aylarında da intensiv olaraq baş verir. Ayrı-ayrı günlərdə düşən yağıntının miqdarı bir çox hallarda aylıq normadan yüksək olur.

Bu yaxınlarda ölkə ərazisində baş vermiş təbiət hadisəsinin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sel və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq qərara alınıb: Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8.876.210,0 (səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılıb.

Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı da verilib. Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı bunlardır. Fövqəladə Hallar Nazirliyi tərəfindən görüləcək işlər siyahısına aşağıdakı rayonlarda evlər tikiləcək. Belə ki, Xaçmaz rayonu, Xaçmaz şəhərində Koroğlu küçəsi 18 və Y.Şabanov küçəsi 9 ünvanlarında yenidən tikilməsi, Ləcət kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi, Cığatay kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi, Tel kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi, Uzunoba kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi, İstisu qəsəbəsində 3 fərdi yaşayış evinin yenidən tikilməsi, Xudat şəhərində 2 fərdi yaşayış evinin yenidən tikilməsi, Yalama kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi, Xanoba kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi, Xuray kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi, Qusar rayonu Aşağı Ləgər kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi, Əniq kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi, Quxuroba kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi, Şabran rayonu Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 47 ünvanında fərdi yaşayış evinin tikintisi və s. nəzərdə tutulub. Bütün bunlar Cənab Prezidentin düşünülmüş, insan amilinə söykənən siyasətinin məntiqi nəticəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər