Çexiya baş nazirinin Azərbaycana səfəri, cənab Prezidentlə keçirilən görüş, səsləndirilən bəyanatlar ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Liderlərin bəyanatlarından da aydın oldu ki, Bakı və Praqa iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və enerji sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi müzakirələrin əsas istiqamətlərini əhatə edirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Çexiya arasında münasibətlər dinamik inkişaf edir və artıq konkret nəticələr verir. Xüsusilə qeyd olunmalıdır ki, iki ölkə arasında ticarət dövriyyəsinin əsas hissəsini enerji resursları təşkil etdiyindən, tərəflər daha balanslı və şaxələndirilmiş iqtisadi əməkdaşlıq modelinə keçidi prioritet kimi müəyyənləşdirirlər.
Energetika sahəsi də bu əməkdaşlığın prioriteti olaraq qalır. Azərbaycan Çexiyanın əsas neft təchizatçılarından biridir və bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu bir daha təsdiqləyir. Baş nazir Andrey Babişin çıxışında da bu məqam xüsusi vurğulanaraq, Azərbaycanın Çexiya üçün strateji tərəfdaş olduğu açıq şəkildə bəyan edildi. Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərin məhz Azərbaycana edilməsi bu baxımdan təsadüfi deyil.
Eyni zamanda, qaz təchizatı ilə bağlı uzunmüddətli müqavilələrin tərəflər arasında enerji əməkdaşlığını daha da dərinləşdirmə perspektivi var.
Avropa sənayesinin məhv edildiyi, Hörmüz boğazı ilə bağlı problemlərin yarandığı bir vaxtda xam neft və qaz məsələsi xüsusilə aktuallaşıb. Yeri gəlmişkən, Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır.
Qəbələ görüşünün mühüm nəticələrindən biri də qeyri-neft sektorunda əməkdaşlıq imkanlarının geniş müzakirə olunmasıdır. Çexiyadan Azərbaycana gələn geniş tərkibdə iş adamlarından ibarət heyət və keçirilən biznes-forum yeni investisiya layihələri üçün stimuldur. Xüsusilə sənaye, nəqliyyat, elmi tədqiqat və texnologiya sahələrində birgə təşəbbüslər iki ölkə üçün qarşılıqlı fayda vəd edir. Cənab Prezidentin də söylədiyi kimi, “bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Beləliklə, yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir.” Ən əsası isə Azərbaycanda siyasi və sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqət çəkən istiqamətlərdəndir. Azərbaycan artıq bu sahədə yerli istehsal imkanlarını artırır və Çexiya kimi zəngin sənaye təcrübəsinə malik ölkə ilə birgə layihələr gələcək üçün böyük potensial yaradır. Bu əməkdaşlıq həm də regional təhlükəsizlik baxımından əhəmiyyətlidir.
Ümumiyyətlə, son dövrlərdə dövlət və hökumət başçılarının Azərbaycana intensiv səfərləri ölkəmizin artan nüfuzunu göstərir.
Məlum olduğu kimi, bundan əvvəl Litva baş naziri, Latviya və Ukrayna prezidentlərinin ölkəmizə səfərləri etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi Azərbaycana münasibətin göstəricisidir.
Ukrayna prezidenti və Çexiya baş nazirinin Qəbələdə qarşılanması isə təsadüfi deyil. Cənab Prezidentin də söylədiyi kimi, “daha geniş coğrafiyanın qədim parçası olan Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub.”
Bundan əvvəl Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də məhz Qəbələdə keçirilmişdi. Bu isə onu deməyə əsas verir ki, Qəbələ artıq Bakı, Şuşa kimi yeni diplomatik mərkəzə çevrilir.
Nigar Məmmədova
Milli Məclisin deputatı