Azərbaycanın xarici siyasət kursunda çoxtərəfli münasibətlər sistemi üstünlük təşkil edir. Ölkəmiz dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirərək beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir. Xüsusilə iqtisadi və enerji sahələrində uğurla inkişaf edir. Bu baxımdan, Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri Azərbaycanın Avropanın önəmli tərəfdaşlarından biri olduğunu bir daha təsdiqlədi. Dost ölkənin liderinin ölkəmizə gəlişi siyasi dialoqun dərinləşməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaratmaqla yanaşı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi baxımından da səmərəli oldu.
Qarşılıqlı inama, etimada əsaslanan bu münasibətlər sosial həyatın əksər sahələrini əhatələdi. Bu məqam Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında da öz əksini tapıb:
"Cənab Prezident bununla bağlı qeyd edib: “Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq”. Bundan əlavə, enerji sahəsində əməkdaşlıq da diqqət mərkəzində olub. Bu sahədə Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Nəzərə alaq ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür.
Çexiyanın Baş naziri Andrey Babiş isə mətbuata bəyanatında Azərbaycanı ölkəsinin strateji tərəfdaşı olduğunu vurğulayıb. “Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir”,-deyə o, söyləyib. Baş nazirin dediyinə görə, Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur".
Azərbaycan, eyni zamanda, coğrafi mövqeyi və trans-logistika imkanları ilə regionda əsas aparıcı və ölkələr arasında əlaqələndirici körpü rolunu oynayır. Müxtəlif coğrafi hüdudlar və qitələrdən başlayan nəqliyyat tranzitləri ölkəmizin coğrafi landşaftını əhatə etməklə Azərbaycanın bölgədə tənzimləyici və idarəedici rolunu da artırır. Bu baxımdan, Avropanın mühüm logistika qapılarından biri olan Çex Respublikası ilə kommunikasiya bağlantılarının diversifikasiyası üçün mühüm əhəmiyyət daşıyır.
Həmçinin Azərbaycanın nəqliyyat xidmətləri sektorunda çex şirkətlərinin fəal yer alması istisna edilmir. Baş nazir Andrey Babişin bəyanatında xatırladıldığı kimi, Bakı Metropoliteni ilə müqavilə çərçivəsində bu nəqliyyat sahəsinin modernləşdirilməsi, eləcə də "ŞKODA Daşımalar” və "PPF Qrupu” ilə birgə müəssisənin qurulması nəqliyyat sənayesində birgə istehsal zəncirinin formalaşmasını təmin edəcək. Bundan əlavə, Azərbaycanın təyyarə parkının müasirləşməsində də çex şirkətlərinin xidmətlərindən istifadə edilə bilər.
Beləliklə, Prezident İlham Əliyev ilə Baş nazir Andrey Babiş arasında keçirilmiş görüş və verilmiş bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Fəal siyasi dialoq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı