PDF Oxu

Siyasət

  • 599

Azərbaycan-Çexiya münasibətləri uğurla inkişaf edir - ŞƏRH

image

1991-ci ilin 18 oktyabrında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və ölkəmizi dünyanın əksər dövləti rəsmən tanıdı.Belə ki, Çexiya Azərbaycanın müstəqilliyini 1992-ci il 8 yanvar tarixində tanıyıb.Ölkələr arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 29-da qurulub və Azərbaycan ilə Çexiya arasındakı əlaqələr kifayət qədər zəngin inkişaf yolu keçib. Hazırda bu münasibətlər uğurla inkişaf edərək yeni mərhələyə qədəm qoyur.

Prezident İlham Əliyevin aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini bir daha təsdiqləyir.Səfər çərçivəsində aparılan müzakirələr təkcə mövcud əməkdaşlığın dərinləşdirilməsi deyil, həm də yeni strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab olunur. İlk növbədə, dövlətimizin başçısının vurğuladığı kimi, Bakı və Praqa arasında siyasi dialoq artıq fəal və dinamik xarakter alıb. Bu, tərəflər arasında qarşılıqlı etimadın artdığını və münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. Bu məqam Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında da öz əksini tapıb: “Bizim indi çox fəal siyasi dialoqumuz var...”.

Məlum olduğu kimi son vaxtlar Azərbaycanda neçə-neçə iri miqyaslı beynəlxalq tədbirlər, dünyanı düşündürən ciddi problemlərlə bağlı forumlar da keçirilir.

Qeyd edilməlidir ki, bu səfər çərçivəsində Azərbaycan-Çex Respublikası biznes forumu da keçirildi.Ticarət dövriyyəsinin daha yüksək səviyyəyə çatdırılacağına əminliyini bildirən dövlət başçımız bu dövriyyənin daha tarazlı olmasını, strukturun təkmilləşdirilməsinə ümidli olduğunu da xatırladaraq dedi: “Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir; - Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir; - Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir”.

Azərbaycanla Çexiya arasında enerji təhlükəsizliyi və digər müxtəlif sahələr üzrə əməkdaşlıq da genişlənir. Azərbaycanla Çexiya arasında hərbi məhsulların birgə istehsalı ilə bağlı danışıqlar da aparılmışdır, bu danışıqlarda birgə istehsal da müzakirə olunmuşdur. Prezident İlham Əliyev mətbuata bəyanatında daha sonra bildirdi: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır...”.

Hazırda iki ölkə arasında münasibətlər sabit və inkişaf edən xarakter daşıyır.Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri Azərbaycan-Çex Respublikası münasibətlərinin daha da inkişaf edəcəyini bir daha təsdiqləyir.

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Digər xəbərlər