PDF Oxu

Siyasət

  • 576

Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ - ŞƏRH

image

Bu səfər Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan vermişdir.

Azərbaycan və Çexiya arasında diplomatik münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Avropa təhlükəsizliyi və enerji əməkdaşlığı sahələrində sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında keçirilən görüşlərdə regional təhlükəsizlik, enerji təminatı və nəqliyyat layihələri əsas müzakirə mövzuları olmuşdur.

Cənab Prezidentin bəyanatında diqqət çəkən əsas məqamlardan biri siyasi dialoqun dərinləşdirilməsi mesajıdır. Bu, Azərbaycanın Avropa ölkələri ilə balanslı və praqmatik siyasət yürütmək kursuna uyğun gəlir. Çexiya ilə münasibətlər Avropa İttifaqı məkanında Azərbaycanın mövqelərinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bəyanatda qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinin qeyd olunması isə Azərbaycanın xarici siyasət doktrinasının əsas xəttini bir daha təsdiqləyir.

Enerji sahəsi ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Çexiya bu sahədə etibarlı tərəfdaş kimi çıxış edir. Xəzər regionunun enerji resurslarının Avropa bazarlarına çatdırılması layihələrində Çexiyanın marağı xüsusi vurğulanmışdır. Bu baxımdan, tərəflər enerji tədarükünün şaxələndirilməsi və davamlı inkişaf məqsədlərinə uyğun yeni təşəbbüsləri dəstəklədiklərini bildirmişlər.

İqtisadi sahədə əməkdaşlıq da dinamik şəkildə inkişaf edir. Səfər çərçivəsində sənaye, nəqliyyat, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində bir sıra sazişlər imzalanmışdır. Çex şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur.

Andrey Babişin Azərbaycana səfəri Azərbaycan və Çexiya arasında münasibətlərin daha da dərinləşməsinə, strateji tərəfdaşlığın möhkəmlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə mühüm töhfə vermişdir. Bu səfər iki ölkə arasında gələcək əməkdaşlıq üçün yeni perspektivlər açmışdır.

Çexiya Baş nazirinin Azərbaycana səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Bu proseslər Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər