PDF Oxu

Siyasət

  • 1 183

"Siyasi dəstək və ərazi bütövlüyü prinsipi münasibətlərin əsasını təşkil edir" - POLİTOLOQ DANIŞDI

image

"Zelenskinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirilən görüş, imzalanan sənədlər və hər iki Prezidentin mətbuata verdiyi bəyanatda səsləndirilən fikirlər iki ölkə arasındakı münasibətlərin həm cari vəziyyətini, həm də perspektiv istiqamətlərini anlamaq baxımından diqqətəlayiq mesajları ehtiva edir".Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyev və Volodimir Zelenski tərəfindən səsləndirilən fikirlərdə ümumi xətt kimi siyasi dəstək, ərazi bütövlüyü prinsipinə vurğu və iqtisadi-humanitar əməkdaşlığın genişləndirilməsi niyyəti ön plana çıxır: "Bu, təsadüfi deyil, çünki hər iki ölkə son onilliklərdə suverenlik və ərazi bütövlüyü ilə bağlı ciddi çağırışlarla üzləşdiyindən qarşılıqlı anlayış və normativ yaxınlıq formalaşıb.Azərbaycan üçün Ukrayna ilə münasibətlər bir neçə səviyyədə əhəmiyyət daşıyır. Birincisi, bu əlaqələr postsovet məkanında balanslı xarici siyasət xəttinin tərkib hissəsidir. Bakı həm regional, həm də qlobal aktorlarla münasibətlərini diversifikasiya etməyə çalışdığı üçün Kiyevlə əməkdaşlıq bu strategiyanın mühüm elementlərindən biridir. İkincisi, Ukrayna ilə siyasi həmrəylik Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə ərazi bütövlüyünə verdiyi dəstəyin ardıcıl xarakter daşıdığını göstərir. Bu mövqe Azərbaycanın öz milli maraqları ilə də üst-üstə düşür və diplomatik diskursda legitimlik qazandırır.Ukrayna baxımından isə Azərbaycan Cənubi Qafqazda mühüm tərəfdaş kimi çıxış edir. Enerji sahəsində əməkdaşlıq potensialı burada xüsusi yer tutur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində artan rol oynadığı bir dövrdə Ukrayna üçün alternativ enerji mənbələri və tranzit imkanları baxımından cəlbedici tərəfdaşdır. Eyni zamanda, bərpa və yenidənqurma məsələlərində Azərbaycanın təcrübəsi və resursları Ukrayna üçün olduqca əhəmiyyətlidir. Xüsusilə müharibədən zərər görmüş ərazilərin yenidən qurulması sahəsində əməkdaşlıq perspektivləri qarşılıqlı fayda prinsipi üzərində qurula bilər.Prezidentlərin bəyanatlarında humanitar aspektin də ön plana çıxması diqqət çəkir. Təhsil, mədəniyyət və diaspor əlaqələri iki xalq arasında münasibətlərin sosial bazasını gücləndirən amillərdir. Bu, uzunmüddətli perspektivdə siyasi münasibətlərin dayanıqlığını artıran mühüm faktor kimi çıxış edir. Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək də münasibətlərin mühüm komponentidir. Hər iki ölkə müxtəlif platformalarda bir-birinin mövqelərini dəstəkləməklə diplomatik koordinasiyanı gücləndirir.Ümumilikdə, verilən bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin davamlı inkişaf edən və çoxşaxəli əməkdaşlıq modelinə doğru irəlilədiyini göstərir. Siyasi dəstək, iqtisadi əməkdaşlıq və humanitar əlaqələrin paralel inkişafı bu münasibətlərin gələcəkdə daha institusional və dayanıqlı xarakter almasına zəmin yaradır. Bu isə həm regional sabitlik, həm də daha geniş geosiyasi kontekstdə əməkdaşlıq imkanları baxımından əhəmiyyətlidir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər