Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə siyasi dialoq və iqtisadi əməkdaşlıq baxımından sürətlə inkişaf edir. Bu münasibətlərin növbəti mühüm mərhələsi 27 aprel 2026-cı ildə baş tutmuş yüksək səviyyəli görüş və mətbuata verilən birgə bəyanatlarla öz əksini tapmışdır. Həmin gün İlham Əliyev və Andrey Babiş Qəbələdə mətbuat qarşısında çıxış edərək iki ölkə arasındakı əlaqələrin perspektivlərini geniş şəkildə şərh etmişlər.
Prezident İlham Əliyev öz bəyanatında Çexiya Baş nazirinin Azərbaycana səfərinin əhəmiyyətini xüsusi vurğulamış və bu səfərin ikitərəfli münasibətlərin dinamik inkişafının göstəricisi olduğunu bildirmişdir. O qeyd etmişdir ki, tərəflər arasında fəal siyasi dialoq mövcuddur və keçirilən görüşlər zamanı regional, ikitərəfli və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Dövlət başçısı iqtisadi əməkdaşlığa da xüsusi diqqət yetirmişdir. Onun sözlərinə görə, ticarət dövriyyəsi artıq yüksək səviyyəyə çatmış və 800 milyon dollardan çox olmuşdur, lakin bu dövriyyənin strukturunun daha balanslı olması üçün yeni addımlar atılmalıdır. İlham Əliyev vurğulamışdır ki, bu istiqamətdə konkret investisiya layihələri müzakirə olunmuş və gələcəkdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi planlaşdırılır.
Prezident həmçinin enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyətini qeyd edərək bildirmişdir ki, Azərbaycan və Çexiya uzun illərdir etibarlı tərəfdaşdır. Azərbaycan neftinin Çexiyaya ixracı və ümumilikdə ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi vurğulanmışdır. Bununla yanaşı, o, Azərbaycan qazının bir çox Avropa ölkələrinə ixrac edildiyini və bu əməkdaşlığın gələcəkdə daha geniş miqyas alacağını diqqətə çatdırmışdır.
İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlığa da toxunaraq qeyd etmişdir ki, bu istiqamətdə artıq uğurlu təcrübə mövcuddur və gələcəkdə birgə istehsal layihələrinin həyata keçirilməsi planlaşdırılır. O, həmçinin hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini vurğulamış və qarşılıqlı əməkdaşlıq üçün geniş perspektivlərin açıldığını bildirmişdir.
Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycan–Çexiya münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə göstərir. Bu bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndiyini və əməkdaşlığın daha geniş sahələri əhatə edəcəyini təsdiqləyir.
Elnur Əsədov
Yap Kəngərli rayon təşkilatının əməkdaşı