"Ermənistandakı seçki prosesi artıq sadəcə bir ölkənin daxili siyasi proseslərini əhatə edən çərçivəni çoxdan aşıb və Qərb ilə Rusiya arasında olan qarşıdurmanın növbəti bir təzahürü kimi qiymətləndirilə bilər".Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.Onun sözlərinə görə, həm hakim komanda, həm də müxalifət üçün seçki prosesinin asan olmayacağı ilə bağlı ilkin ehtimalları səsləndirmək artıq mümkündür və Rusiyanın həm postsovet məkanındakı təsir mexanizmlərini, həm də Ermənistandakı dayaqlarını itirməmək uğrunda apardığı mübarizəyə nəzər yetirəndə eyni mənzərəni müşahidə etmək mümkündür ki, Ermənistandakı seçki prosesinin nəticələri Rusiya üçün kifayət qədər önəmli təsirə malikdir və buna görə də öz namizədlərinin dəstəklənməsi istiqamətində kampaniya maksimum şəkildə davam etdirilir:"Həmçinin Qərb üçün də Ermənistan kifayət qədər önəmli təsir mexanizmlərinə sahib olan dövlətlərdən biridir. Çünki Ermənistan vasitəsilə həm Cənubi Qafqazda, həm də postsovet məkanındakı hədəflərinə nail olmaqla bağlı müəyyən imkanları daha çox dəyərləndirə bilirlər. İstər Avropa İttifaqının mümkün missiyasının həyata keçirilməsi çərçivəsində fəaliyyət göstərilməsi, istərsə də Avropa inteqrasiya prosesi çərçivəsində Ermənistanla əlaqələrin ön plana çıxarılması onu deməyə əsas verir ki, bu seçki prosesi sadəcə regional münasibətləri və ya Ermənistanın daxilindəki siyasi münasibətləri əhatə etmir və qlobal gündəmdə də kifayət qədər diqqət mərkəzində olan hadisələrdən birinə çevrilib.İstisna olaraq onu qeyd edə bilərik ki, seçkinin nəticəsində revanşist qüvvələrin, yoxsa sülh gündəliyi ilə seçki platformasını formalaşdıran Paşinyan komandasının qalib gəlməsi həm Cənubi Qafqaz üçün, həm də bütövlükdə regional təhlükəsizlik üçün önəmli nəticələrə sahibdir".
Müəllif: Arzu Qurbanlı