PDF Oxu

Siyasət

  • 477

Qəbələdən verilən mühüm mesajlar - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babişin 2026-cı il aprelin 27-də ölkəmizdə keçirilən görüşü və daha sonra mətbuata verdikləri bəyanatlar Azərbaycan–Çexiya əlaqələrinin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Qəbələ şəhərində baş tutan bu rəsmi səfər iki dövlət arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdı.

Möhtərəm Prezident mətbuata bəyanatında bildirdi ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər artıq uzun illərdir etibarlı tərəfdaşlıq üzərində qurulub və bu əməkdaşlıq xüsusilə enerji sahəsində özünü uğurla göstərir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan nefti uzun müddətdir Çexiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, hazırda təbii qaz sahəsində də əməkdaşlığın genişləndirilməsi gündəmdədir.

Görüş zamanı tərəflər yalnız enerji məsələləri ilə kifayətlənməyərək sənaye, nəqliyyat, müdafiə sənayesi, geologiya, su təsərrüfatı və yaşıl enerji kimi vacib sahələr üzrə də geniş fikir mübadiləsi aparıblar. Ölkə başcısı bildirdi ki, Çexiyanın sənaye və texnologiya sahəsində malik olduğu təcrübə Azərbaycan üçün olduqca maraqlıdır.

Çex Respublikasının Baş naziri Andrey Babiş də öz növbəsində Azərbaycanın Çexiya üçün strateji tərəfdaş olduğunu xüsusi vurğuladı. O bildirdi ki, Azərbaycan hazırda beynəlxalq diqqət mərkəzində olan və Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən ölkədir. Baş nazir Çexiyanın Azərbaycan qazının alınmasında maraqlı olduğunu, uzunmüddətli müqavilələrin imzalanmasını arzuladıqlarını söylədi. Bundan başqa, onun rəhbərlik etdiyi böyük biznes nümayəndə heyətinin Azərbaycana səfəri Praqanın ölkəmizə iqtisadi baxımdan verdiyi önəmin bariz nümunəsidir. Çex iş adamlarının Bakı metrosu, sənaye parkları, aviasiya, su idarəçiliyi və digər infrastruktur layihələrinə maraq göstərməsi gələcək investisiya axınının artacağından xəbər verir.

Qəbələdə səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın iqtisadi və siyasi əməkdaşlıq mərkəzlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizə artan beynəlxalq maraq Avropa dövlətlərinin də Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətini gücləndirir. Çexiya Baş nazirinin səfəri və verilən mesajlar göstərdi ki, qarşıdakı dövrdə Azərbaycan–Çexiya əlaqələri daha geniş sahələri əhatə edəcək, bu əməkdaşlıq həm iqtisadi inkişafa, həm də regional sabitliyə mühüm töhfə verəcəkdir.

Beləliklə, aprelin 27-də Qəbələdə keçirilən yüksək səviyyəli görüş və mətbuata verilən bəyanatlar iki dost ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı, nəqliyyat dəhlizləri və investisiya layihələri istiqamətində əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətinin növbəti uğurlu səhifəsi kimi qiymətləndirilə bilər.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər