Astara şəhəri Ziya Bünyadov adına 2 saylı tam orta ümumtəhsil məktəbində keçirilən ”Narkomaniya və erkən nikahlara yox deyək!” maarifləndirici tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev bildiriblər ki, burada əsas məqsəd ümumtəhsil müəssisələrində sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, narkomaniya və erkən nikah hallarına qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması və gələcək üçün sağlam nəsil yetişdirməkdir.
Hamı dərk etməlidir ki, narkomaniya və erkən nikah halları gənc nəslin gələcəyinə, təhsilinə və sosial inkişafına ciddi mənfi təsir göstərən ən ağır amillərdən biridir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin vaxtaşırı görülməsi , valideyn-məktəb-polis əməkdaşlığının gücləndirilməsi xüsusi önəm daşıyır. Şübhəsiz ki, sağlam gələcəyin təmin olunması naminə bu istiqamətdə birgə fəaliyyət göstərməyin rolu olduqca böyükdür.
Sonda tədbir iştirakçılarını daha çox narahat edən suallara polis polkovniki A. Cəfərov tərəfindən cavab verilib, iştirakçıların təkliflər dinlənilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü