PDF Oxu

Siyasət

  • 799

Azərbaycan ilə Çexiya arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir -ŞƏRH

image

Azərbaycan və Çexiya arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur. 15 sentyabr 2015-ci il tarixində Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Belə ki, Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri baş tutmuşdur. Aprelin 27-də dövlət başçısı İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş ilə təkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatlarla çıxış etdilər, Azərbaycan-Çexiya biznes-forumu keçirildi. Bu görüşlərdə iki ölkə arasında mövcud əlaqələrlə yanaşı, yeni sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşdə tərəflərin mətbuata verdikləri bəyanat iki ölkə arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini əhatə edən mühüm mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin verdiyi bəyanatda Azərbaycan ilə Çexiya arasında siyasi dialoqun yüksək səviyyədə və dinamik şəkildə inkişaf etməsi, həmçinin, tərəflər arasında üç ay əvvəl Davosda baş tutan ilk görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması xüsusi yer almışdır. Liderlərin bəyanatlarından da aydın oldu ki, Bakı və Praqa iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır.Siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və enerji sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi müzakirələrin əsas istiqamətlərini əhatə edirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Çexiya arasında münasibətlər dinamik inkişaf edir və artıq konkret nəticələr verir. Xüsusilə qeyd olunmalıdır ki, iki ölkə arasında ticarət dövriyyəsinin əsas hissəsini enerji resursları təşkil etdiyindən, tərəflər daha balanslı və şaxələndirilmiş iqtisadi əməkdaşlıq modelinə keçidi prioritet kimi müəyyənləşdirirlər.Energetika sahəsi də bu əməkdaşlığın prioriteti olaraq qalır.

Azərbaycan-Çexiya biznes-forumu hər iki ölkənin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi uğurlarını, enerji və nəqliyyat imkanlarını əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. Cənab İlham Əliyev onu da qeyd etdi ki, Baş nazir Andrey Babişlə üç ay əvvəl Davosda bir araya gəldik, indi isə burada, Qəbələdə görüşürük. Bu, həqiqətən göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Bu gün siyasi, o cümlədən regional və qlobal siyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq, konkret layihələrə toxunduq. Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir”. Ölkə Başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi artıq 800 milyon ABŞ dollarını keçmişdir. Bununla belə, mövcud ticarət strukturunda əsas payı Azərbaycan neftinin ixracı təşkil edir və tərəflər bu strukturu daha balanslı hala gətirmək niyyətindədirlər. Bu məqsədlə, hər iki ölkə üçün qarşılıqlı investisiyaların artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər prioritet kimi müəyyən olunmuşdur.

Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərin məhz Azərbaycana edilməsi bu baxımdan təsadüfi deyil. Eyni zamanda, qaz təchizatı ilə bağlı uzunmüddətli müqavilələrin tərəflər arasında enerji əməkdaşlığını daha da dərinləşdirmə perspektivi var. Avropa sənayesinin məhv edildiyi, Hörmüz boğazı ilə bağlı problemlərin yarandığı bir vaxtda xam neft və qaz məsələsi xüsusilə aktuallaşıb. Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır.Qəbələ görüşünün mühüm nəticələrindən biri də qeyri-neft sektorunda əməkdaşlıq imkanlarının geniş müzakirə olunmasıdır. Çexiyadan Azərbaycana gələn geniş tərkibdə iş adamlarından ibarət heyət və keçirilən biznes-forum yeni investisiya layihələri üçün stimuldur. Xüsusilə sənaye, nəqliyyat, elmi tədqiqat və texnologiya sahələrində birgə təşəbbüslər iki ölkə üçün qarşılıqlı fayda vəd edir.

Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqun fəallığı, iqtisadi əlaqələrin genişlənməsi, enerji sahəsində etibarlı tərəfdaşlıq və müdafiə sənayesində yeni təşəbbüslər gələcək üçün güclü əsas yaradır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər