Prezident İlham ƏLİYEV: “Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər”
Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Dövlətimiz məqsədyönlü siyasətini ardıcıl şəkildə aparır. Prezident İlham Əliyev bu siyasətə imkan yaradan amillər haqqında çıxışlarının birində demişdir: “Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında.”
Bildiyimiz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi üc qızıl, iki gümüş və bir bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub.
Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu. Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb.
“GÜLƏŞİMİZİN BÖYÜK ƏNƏNƏLƏRİ VAR VƏ BİZ BU ƏNƏNƏLƏRİ YAŞADIRIQ”
“Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq.” Bu sözləri aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edərkən bildirib.
“HƏR DƏFƏ BEYNƏLXALQ YARIŞLARDA BİZİM BAYRAĞIMIZ QALDIRILANDA BÜTÜN AZƏRBAYCAN XALQI QÜRUR HİSSİ KEÇİRİR”
Dünyada idman sahəsində rəqabətin artdığı bir dövrdə Azərbaycan idmançılarının yüzlərlə medal qazanması ölkəmizin daxilində idman və gənclər siyasətinin nə qədər dolğun aparıldığını isbat edir. Bu diqqət və qayğı idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir. Nəticədə, Azərbaycan idmanı təkcə nəticələr baxımından deyil, həm də davamlılıq, peşəkarlıq və beynəlxalq rəqabət qabiliyyəti baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və idmanın inkişafına göstərilən bu diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman ölkəsidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır. “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”, - deyə Prezident çıxışında bildirib. Azərbaycan Prezidenti onu da bildirib ki, Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır: “Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.
“İDMANÇILARIMIZIN HƏM CƏMİYYƏTDƏ, HƏM DƏ MƏİŞƏTDƏ ÖZLƏRİNİ LAYİQİNCƏ APARMALARI MƏNİ MEDALLARDAN DA ÇOX SEVİNDİRİR”
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Dövlət başçımız çıxışında bir vacib məqamı bildirib ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. “İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni medallardan da çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var”.
Azərbaycan idmanının yeni inkişaf mərhələsində olduğunu aydın şəkildə görürük. Dövlətimiz idmanın bütün növlərinin inkişafına xüsusi diqqət göstərir.
Zümrüd BAYRAMOVA