Cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb.Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, toplanışın yekunlaşması ilə əlaqədar keçirilən bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.Tədbirdə çıxış edənlər bildiriblər ki, toplanış zamanı iştirakçıların döyüş vərdişləri və bacarıqları inkişaf etdirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.Plana uyğun olaraq, hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi hazırlıq üzrə məşğələlər, eləcə də müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib, vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.Sonda iştirakçılara gələcək işlərində uğurlar arzulanıb və təlimdə fərqlənənlərə fəxri fərmanlar verilib.