Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında əlaqələrin dinamik inkişafını bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında siyasi dialoqun fəallığı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi və müdafiə sənayesi sahəsində tərəfdaşlığın dərinləşdirilməsi əsas prioritetlər kimi ön plana çəkildi.
Ölkə başçısı İlham Əliyev qey etmişdir ki, bu səfər Azərbaycan-Çexiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqləyir. Dövlət başçısı bildirib ki, tərəflər regional, ikitərəfli və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Baş nazir Andrey Babişin Azərbaycana rəsmi səfəri siyasi münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri xüsusi yer verilib. Çexiyadan Azərbaycana geniş iş adamları nümayəndə heyətinin gəlməsi biznes əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir. Prezident İlham Əliyev qeyd edib ki, hazırda ticarət dövriyyəsi 800 milyon dollardan artıq olsa da, bunun əsas hissəsini Azərbaycan neftinin ixracı təşkil edir. Qarşıda duran əsas məqsəd isə ticarət əlaqələrinin daha balanslı strukturda inkişaf etdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması və yeni iqtisadi layihələrin həyata keçirilməsidir.
Energetika sahəsi isə Azərbaycan-Çexiya əməkdaşlığının əsas sütunlarından biridir. Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və ölkəmizin ixrac etdiyi neft Çexiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan qazı bu gün 16 ölkəyə ixrac olunur və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu aydın şəkildə göstərir. Çexiya ilə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi isə strateji tərəfdaşlığın yeni istiqamətlərini formalaşdırır.
Prezident İlham Əliyev göstərdi ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan uzun illərdir Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar alır və hazırda birgə istehsal layihələri üzərində konkret danışıqlar aparılır. Prezident İlham Əliyev bu istiqamətdə perspektivlərin geniş olduğunu vurğulayaraq bildirdi ki, Azərbaycanın müdafiə sənayesinin inkişafında Çexiyanın təcrübəsi mühüm rol oynaya bilər.
Bəyanatda həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi, yeni görüşlərin təşkili və müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri də ön plana çıxıb. Bütün bunlar göstərir ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər yalnız mövcud tərəfdaşlıq çərçivəsində deyil, həm də uzunmüddətli strateji əməkdaşlıq müstəvisində inkişaf edir.
Prezident İlham Əliyevin bəyanatı bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, Avropa ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirir və regional, iqtisadi, enerji, müdafiə sahələrində yeni imkanlar yaradır.