Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərlə görüşü idman hadisəsi olmaqla yanaşı, həm də ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyan mühüm mesajlarla yadda qaldı. Cənab Prezident bir daha Azərbaycan idmanının inkişaf modelinə, dövlət siyasətinin prioritetlərinə diqqət çəkdi.
Qeyd etməliyik ki, idmançılarımızın bu qələbəsi ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçımızın da qeyd etdiyi kimi, “bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.
Bu uğur təkcə idman nailiyyəti deyil, həm də Azərbaycanın güclü, qalib dövlət imicinin təzahürüdür. Bayrağımızın ucaldılması hər bir vətəndaşda qürur hissi oyadır. Bu isə cəmiyyətin birliyini möhkəmləndirən mühüm amillərdəndir. Bu kontekstdə idman burada fiziki fəaliyyət olmaqla yanaşı, həm də milli ideologiyanın və vətənə bağlılığın daşıyıcısına çevrilir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da idmanın rolu əvəzsizdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, idmançılar qazandıqları qələbələrlə xalqa sevinc bəxş edir və gənclər üçün nümunəyə çevrilirlər. Bu nümunə təkcə idman uğurları ilə deyil, həm də yüksək mənəvi keyfiyyətlərlə müşayiət olunur. Çempionların cəmiyyətdə nümunəvi davranışı gənc nəslin formalaşmasında mühüm rol oynayır.
Təəssüf ki, siyasi platformalarda olduğu kimi, idman arenalarında da ölkəmizə qarşı ikili standartlar özünü göstərməkdədir. Bu xüsusda dövlət başçımızın Azərbaycanın beynəlxalq idman arenalarında üzləşdiyi bəzi qərəzli və ədalətsiz davranışlara toxunması təsadüfi deyildi. Cənab Prezidentin də vurğuladığı kimi, “bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Bu məqam ölkəmizin artan gücünün bəzi qərəzli dairələrdə narahatlıq doğurduğunu təsdiqləyir. Lakin buna baxmayaraq, Azərbaycan idmançılarının ləyaqətli davranış nümayiş etdirməsi ölkəmizin üstünlüyünü bir daha təsdiqləyir.
Dövlət başçımızın idmançılarla görüşü və səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycanda idman həm də milli kimliyin, vətənpərvərliyin, beynəlxalq nüfuzun və ictimai həmrəyliyin formalaşmasında mühüm rol oynayan strateji sahəyə çevrilib. Güləşçilərimizin Avropa çempionatındakı qələbəsi isə bu uğurlu siyasətin parlaq təcəssümüdür.
Nigar Məmmədova
Milli Məclisin deputatı