PDF Oxu

Siyasət

  • 1 179

"Cənab Prezidentin idmançılara göstərdiyi diqqət bütün cəmiyyət üçün nümunə olmalıdır" - Muğan Əliyev - AÇIQLAMA

image

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandalarının üzvlərini və onların məşqçilərini qəbul edib. Görüşdə yunan-Roma və sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olan, eləcə də qadın güləşi üzrə medal qazanan idmançılar iştirak ediblər.

Mövzu ilə bağlı GVİB sədri, ictimai xadim, əlbəyaxa döyüş növləri üzrə fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Süleyman oğlu Əliyev (Muğan) mətbuata açıqlama verib.

M.Əliyevin sözlərinə görə, Azərbaycanda idmana dövlət qayğısı yüksək səviyyədədir: "Həqiqətən də cənab Prezidentimizin idmançılara göstərdiyi diqqət və qayğı çox yüksək səviyyədədir. Xüsusilə Milli Olimpiya Komitəsinin fəaliyyəti dövründə Azərbaycanda idmanın inkişafı istiqamətində mühüm işlər görülüb. 1997-ci ildə cənab Prezidentin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmana münasibət tamamilə dəyişdi və bu sahə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi".

Muğan Əliyev bildirib ki, Azərbaycan beynəlxalq idman mərkəzlərindən birinə çevrilib: "Bu gün Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, Avropa Oyunlarının ölkəmizə gətirilməsi, müxtəlif dünya və Avropa çempionatlarının yüksək səviyyədə təşkili ölkəmizin idman dövləti kimi tanınmasına səbəb olub. Azərbaycanın dünya idman arenasında nüfuz qazanması böyük əhəmiyyət daşıyır. Cənab Prezidentin idmançılara göstərdiyi diqqət bir çox ölkələr üçün nümunədir. Çünki hər ölkədə dövlət başçısı tərəfindən idmançılara bu qədər yaxın münasibət göstərilmir".

Sədr vurğulayıb ki, son illərdə Azərbaycan güləşçiləri böyük uğurlara imza atıblar: "Son yarışlarda da gördük ki, yunan-Roma güləşi üzrə idmançılarımız böyük uğurlar qazandılar. Fərid Mansurovdan sonra yeni Olimpiya çempionlarının yetişməsi, Avropa çempionatlarında əldə olunan nailiyyətlər Azərbaycan idmanının inkişafının göstəricisidir. Bu sahədə Elçin Cəfərov kimi məşqçilərin və idman xadimlərinin də böyük zəhməti var. Cənab Prezident tərəfindən idmançıların qəbul edilməsi, mükafatlandırılması və motivasiya olunması onlar üçün mühüm dəstəkdir".

Onun sözlərinə görə, istedadlı gənclərin idmana cəlb olunması üçün əlavə dəstəyə ehtiyac var: "Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatlar idmançılara diqqət ayırmalıdırlar. Çünki bu gün bir çox istedadlı uşaq və gənc maddi imkan çatışmazlığı səbəbindən idmandan uzaq düşə bilir. Zalların ödənişli olması bəzi ailələr üçün çətinlik yaradır. Halbuki aztəminatlı ailələrdən olan uşaqların idmana cəlb edilməsi çox vacibdir".

Muğan Əliyevin sözlərinə görə, bölgələrdə idmançıların aşkarlanması sistemi genişləndirilməlidir: "Sovet dövründə bölgələrdə fiziki hazırlıqlı uşaqları axtarıb tapır, onları Bakıya gətirir və xüsusi məktəblərdə hazırlayırdılar. Bu sistem müəyyən qədər indi də mövcuddur, amma hesab edirəm ki, daha geniş şəkildə tətbiq olunmalıdır. Çünki idman yalnız fiziki hazırlıq deyil, eyni zamanda vətənpərvərlik, intizam, çeviklik və sağlam düşüncə formalaşdırır".

Sədr bildirib ki, idmançılara xüsusi diqqət göstərilməsi vacibdir: "Mən Gənc Vətənpərvələr İctimai Birliyinin sədri, ictimai xadim və Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi kimi bu məsələlərə xüsusi həssaslıqla yanaşıram. Hesab edirəm ki, idmançılar gənclik həyatlarının böyük hissəsini zallarda keçirirlər. Onlar 8-9 yaşlarından idmana başlayır, gələcəklərini bu sahədə qururlar. Buna görə də idmançılara xüsusi diqqət göstərilməlidir".

O qeyd edib ki, idmançılar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına böyük töhfə verirlər: "İdmançılar Azərbaycanı dünya ölkələrində layiqincə təmsil edirlər. Beynəlxalq yarışlarda üçrəngli bayrağımızın qaldırılması, himnimizin səslənməsi hər bir azərbaycanlı üçün böyük qürurdur. Dövlətimizi dünyada tanıdan həm Prezidentimiz, həm də idmançılarımızdır".

Muğan Əliyev vurğulayıb ki, idmançıların təbliği istiqamətində ictimai dəstək artırılmalıdır: "Bu səbəbdən hesab edirəm ki, qeyri-hökumət təşkilatları, ictimai birliklər, siyasi partiyalar və digər qurumlar da dünya şöhrətli idmançıları tədbirlərə dəvət etməli, onların təbliği ilə məşğul olmalı, gənclərə nümunə kimi təqdim etməlidirlər. Təkcə fəxri diplom vermək kifayət deyil, onların uğurlarının geniş şəkildə tanıdılmasına ehtiyac var".

İctimai xadim bildirib ki, idmançılara hörmət göstərmək cəmiyyətin borcudur: "Sağlam bədəndə sağlam ruh olar deyiblər. Bu gün Azərbaycanı dünyada layiqincə təmsil edən idmançılarımıza hörmət göstərmək hər birimizin borcudur. Cənab Prezidentin idmançılara göstərdiyi diqqət bütün cəmiyyət üçün nümunə olmalıdır".

M.Əliyevin sözlərinə görə, Azərbaycan idmanda da qalib ölkə kimi yeni uğurlar qazanacaq: "Verdiyiniz suallara görə təşəkkür edirəm. Sizə cansağlığı arzulayıram. Hesab edirəm ki, Azərbaycan hər sahədə olduğu kimi, idmanda da birincilər sırasında olacaq. Necə ki, Vətən müharibəsində qalib ölkə olduq, bu gün də idmançılarımız dünya arenasında qalib ölkənin nümayəndələri kimi çıxış edir və yeni qələbələr qazanırlar".

Fatimə Nəbiyeva

Digər xəbərlər