Mayın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əbədiyyətə qovuşan ömrün 103-cü baharı” adlı tədbir keçirilib.
Əvvəlcə Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ömrü Azərbaycanın dövlət müstəqilliyi və yüksəlişi ilə eyniləşən əbədi bir yoldur: “Bu yolun hər bir mərhələsi xalqımızın rifahına, ölkəmizin qüdrətlənməsinə xidmət edib. Hələ müstəqillikdən öncəki illərdə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev ölkə iqtisadiyyatının onurğa sütunu sayılan kənd təsərrüfatının inkişafını hər zaman prioritet elan etmişdi. O, torpağı xalqın ən böyük sərvəti hesab edirdi. Dahi rəhbərin uzaqgörənliyi sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycan aqrar sektorda rekord göstəricilərə imza atıb, kəndlərimiz müasirləşib, kəndli əməyi şərəfli bir sahəyə çevrilib. 1969-cu ildə ölkədə cəmi 300 min ton pambıq yığıldığı halda, Heydər Əliyevin planlaması və təşkilatçılığı sayəsində 1981-ci ildə bu rəqəm rekord həddə - 1 milyon tona çatdırılıb. Bu, Azərbaycanın iqtisadi potensialını dünyaya nümayiş etdirən pambıqçılığın intibahı idi. Onun təşəbbüsü ilə Azərbaycanda irimiqyaslı üzüm bağları qurulub. Beləliklə, illik üzüm istehsalı 2 milyon tona çatıb, yüzlərlə yeni müəssisə qurulub. Bu sahə minlərlə Azərbaycan ailəsinin rifahını yüksəldib”.
Məcnun Məmmədovun sözlərinə görə, Ümummilli Liderin tapşırıqları ilə ölkəmizin suvarma sistemlərinin böyük əksəriyyəti həmin illərdə inşa edilib: “Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının inkişafı, su anbarlarının inşası minlərlə hektar quru torpağı bərəkətli sahələrə çevirib. Müstəqilliyimizin ilk ağır illərində də məhz Onun cəsarəti və strateji zəkası ilə həyata keçirilən aqrar islahatlar Azərbaycan fermerini yeni bir dövrə hazırladı. 1996-cı ildə qəbul edilən tarixi “Torpaq islahatı haqqında” Qanun kəndlərdə mülkiyyət münasibətlərini kökündən dəyişdi və fermerlər üçün azad sahibkarlığın təməlini qoydu”.
Nazir əlavə edib ki, dövlət mülkiyyətində olan torpaqların vətəndaşların şəxsi mülkiyyətinə verilməsini nəzərdə tutan bu islahatlarla yeni yaranmış müstəqil respublikanın iqtisadi təhlükəsizliyinin, ərzaq və qida təhlükəsizliyinin əsasları formalaşdırılıb.
“Bu gün Ümummilli Liderin siyasi kursu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük rəhbərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyevin yürütdüyü aqrar siyasət nəticəsində ölkəmizi kənd təsərrüfatı sahəsində innovasiyaların, “yaşıl iqtisadiyyat”ın və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğu məkana çevirib. Məcnun Məmmmədov vurğulayıb ki, işğaldan azad edilmiş və “Yaşıl Enerji Zonası” elan olunmuş Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqlarının yenidən əkin dövriyyəsinə qaytarılması Ulu Öndərimizin ruhunu şad edən ən böyük tarixi hadisələrdəndir. Bu gün biz o torpaqlarda Heydər Əliyevin arzuladığı müasir aqrar-sənaye komplekslərini qurur, Onun “Azərbaycanın gələcəyi kənd təsərrüfatının inkişafından asılıdır” tezisini rəhbər tutaraq yeni nailiyyətlərə imza atırıq. Heydər Əliyevin ömrü bizim üçün həm də bir vətənpərvərlik məktəbidir. Biz bu gün kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması üçün çalışan fermerlərimizlə, aqrar sahədə ixtisaslaşmış şirkət nümayəndələri ilə birgə Ümummilli Lider Heydər Əliyevin şərəfli yoluna nəzər salmaq üçün bir araya gəlmişik. Burada keçirilən tədbir – aqrar sahədə çalışan bizlər üçün Ümummilli Liderin ruhu qarşısında bir hesabatdır. Bu gün ölkəmizin kənd təsərrüfatında əldə olunan nailiyyətlər, uğurlu nəticələrdə siz tədbir iştirakçılarının, fermerlərimizin böyük payı var”, - deyə nazir vurğulayıb.
Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycan xalqı dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir: “Ulu Öndər bütün mənalı ömrünü Vətənin tərəqqisinə həsr etmiş, müstəqilliyimizin qorunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın parlaq gələcəyi naminə məqsədyönlü fəaliyyəti ilə millətimizə misilsiz nailiyyətlər qazandırmışdır”.
Tahir Budaqov bildirib ki, Ümummilli Liderin uzaqgörən siyasəti bütün sahələrin, o cümlədən strateji əhəmiyyətə malik aqrar sektorun davamlı inkişafını təmin etmişdir: “Ulu Öndər hər zaman vurğulayırdı ki, kənd təsərrüfatı iqtisadi təhlükəsizliyin, əhalinin rifahının və regionların inkişafının əsas sütunlarından biridir. Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə aqrar sektorda qazanılan uğurlar respublikanın sosial-iqtisadi inkişafına güclü təkan vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalı artırılmış, pambıqçılıq, üzümçülük, tərəvəzçilik, çayçılıq və heyvandarlıq sahələrində mühüm irəliləyiş əldə olunmuş, meliorasiya və irriqasiya sistemləri genişləndirilmiş, yeni suvarma kanalları çəkilmiş, torpaq fondundan səmərəli istifadə nəticəsində məhsuldarlıq əhəmiyyətli dərəcədə yüksəlmişdir. Müstəqillik dövründə isə bazar iqtisadiyyatına keçid şəraitində torpaq islahatlarının aparılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və digər mühüm addımlar ölkəmizin iqtisadi potensialının artmasına və dayanıqlı inkişafına möhkəm zəmin yaratmışdır”.
YAP Sədrinin müavini vurğulayıb ki, Ulu Öndərin tükənməz dövlətçilik irsi Azərbaycanın bütün uğurlarının möhkəm təməlini təşkil edir: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi nailiyyətlər və şanlı Zəfər xalqımızın iradəsini, dövlətimizin isə qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası da müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr vermişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini dövrün çağırışlarına uyğun müvəffəqiyyətlə davam etdirən Yeni Azərbaycan Partiyası ictimai-siyasi sabitliyin və milli birliyin qorunması, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın uğurla həyata keçirilməsi və nəhayət, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində üzərinə düşən bütün vəzifələri yerinə yetirmək əzmindədir”.
Tahir Budaqovun sözlərinə görə, kənd təsərrüfatı daim yenilənən və qlobal dəyişikliklərə uyğunlaşan bir sahədir: “Ölkəmizdə həyata keçirilən tədbirlər, xüsusilə də innovativ texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin təmini, yerli istehsalın artırılması, ixrac potensialının genişləndirilməsi və su ehtiyatlarının səmərəli istifadə olunması baxımından mühüm əhəmiyyətə malik olmaqla aqrar sektorun inkişafına təkan verir. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda, milli təhlükəsizliyin önəmli dayaqlarından biridir. Bu səbəbdən yeni dövrün çağırışları fonunda, xüsusilə də aqrar sektorun inkişaf etdirilməsi üçün böyük potensiala malik olan işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi sahəsində sizin üzərinizə böyük məsuliyyət düşür. Şübhə yoxdur ki, Heydər Əliyev ideyalarına sadiq qalaraq bundan sonra da qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcək və ölkəmizin inkişafına töhfələr verəcəksiniz. Hər birinizə xalqımızın rifahı və müstəqil Azərbaycanın parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram”.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikamızda sosial-iqtisadi sahədə davamlı inkişafa nail olunub: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ulu Öndər ölkə iqtisadiyyatının dirçəldilməsi üçün məqsədyönlü siyasət həyata keçirib. Ulu Öndərin hələ SSRİ dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə iqtisadiyyat, mədəniyyət, elm, təhsil sürətlə inkişaf edib, respublikamız qısa zamanda keçmiş ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxıb. Sözsüz ki, bu xidmətlər xalqımız tərəfindən əsrlər boyu xatırlanacaqdır”.
Tahir Rzayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqillik illərində xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi dövrdə Azərbaycanı parçalanmaqdan, qarşıdurmalardan, vətəndaş müharibəsindən xilas etdi: “O, islahatçı bir rəhbər idi. İstər SSRİ dövründə, istərsə də sonrakı dönəmdə Heydər Əliyevin həyata keçirdiyi islahatlar, aqrar sahədə yeni qanunların qəbul olunması, torpaq islahatının aparılması göstərdi ki, Ulu Öndər nəinki yaşadığı dövrün problemlərini dərindən bilir, eləcə də Onun baxışları yüzillikləri qarşılayır. Nəticə etibarilə, Azərbaycan sosial-iqtisadi cəhətdən davamlı inkişaf edir. Müasir dövrdə isə ölkəmiz Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir”.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov çıxışında bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmlən¬diril¬məsində və iqtisadi əsaslarının formalaşma¬sında müstəsna xidmətlər göstərmiş Ulu Öndərin fəaliyyəti bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da köklü dönüş yaradıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə kənd təsərrüfatı, sadəcə iqtisadi sahə kimi deyil, milli təhlükəsizlik və sosial rifahın əsas dayaqlarından biri kimi qiymətləndirilib: “Məhz bu strateji baxış sayəsində 1969-cu ildən etibarən aqrar sahədə köklü transformasiya prosesinə start verilib”.
L.Qasımov qeyd edib ki, həmin dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatında elmi yanaşma gücləndirilib, məhsuldarlığın artırılması üçün innovativ üsullar tətbiq edilib, regionların ixtisaslaşması və resurslardan səmərəli istifadə təmin edilib: “Nəticədə 1970-1980-ci illərdə aqrar istehsalda çoxşaxəli artım müşahidə edilib, iqtisadi səmərəlilik əhəmiyyətli dərəcədə yüksəlib. Bu, yalnız statistik göstəricilərdə deyil, kənd əhalisinin həyat səviyyəsində də real əksini tapıb”.
Natiq diqqətə çatdırıb ki, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində baş verən böhran aqrar sahədən də yan keçməyib, istehsalın azalması və idarəetmədə qeyri-sabitlik müşahidə olunub: “Belə mürəkkəb şəraitdə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə kənd təsərrüfatında yeni inkişaf mərhələsinin əsası qoyulub. 1995-1996-cı illərdə qəbul edilən fundamental qanunvericilik aktları kənd təsərrüfatında bazar münasibətlərinin formalaşmasına hüquqi əsas yaradıb, torpaq islahatı ilə mülkiyyət münasibət¬lərində köklü dəyişikliklər baş verib və sahibkarlığın inkişafına yeni imkanlar açılıb. “Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt yeni çağırışlara uyğun şəkildə modernləşdirilərək uğurla davam etdirilir. Aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar, rəqəmsallaşma və dövlət-özəl tərəfdaşlığı mexanizmləri kənd təsərrüfatını daha rəqabətli və dayanıqlı sektora çevirir. Hazırda aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqi, “ağıllı kənd” konsepsiyası, innovativ suvarma sistemləri və aqroparkların yaradılması kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir. Bu isə məhsuldarlığın artırılması ilə yanaşı, resurslardan daha səmərəli istifadə imkanları yaradır”.
Çıxış edən siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən bəhs edərək vurğulayıb ki, Onun idarəçilik təcrübəsi, siyasi iradəsi, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirib.
H.Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəm dövlətçilik tariximizdə mühüm yer tutur: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. O, 1969-cu ildə hakimiyyətə gələnə qədər Azərbaycan inkişaf baxımından keçmiş ittifaq respublikaları arasında sonuncu yerləri bölüşürdü. Lakin Heydər Əliyevin respublikamıza rəhbər seçilməsindən sonra qısa müddət ərzində Azərbaycan ön sıralara çıxdı”.
Natiq diqqətə çatdırıb ki, Ulu Öndər daim xalqımızın rifahı üçün çalışıb. “Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycanı dünyaya tanıtdırdı. Bu gün də Heydər Əliyev yolu Azərbaycanın ardıcıl nailiyyətlərinin əsasını təşkil edir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir, ölkəmiz tarixi uğurlara imza atır”, - deyə H.Həsənov qeyd edib.
Sonra partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.