Azərbaycan bu gün dünyada dinamik inkişaf edən idman ölkəsi kimi tanınır. Bu uğurların təməlində isə dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasət və şəxsən ölkə başçısı cənab İlham Əliyevin idmançılara olan xüsusi diqqəti dayanır. Aprelin 30-da Prezidentin Avropa çempionatında böyük uğurlar qazanmış pəhləvanlarımızla görüşü bu diqqətin növbəti bariz nümunəsi oldu. Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə milli komandalarının komanda hesabında Avropa çempionu olması tarixi bir nailiyyətdir. Dövlət başçısı idmançılarla görüşü zamanı bu qələbənin bütün xalqımızı sevindirdiyini və Azərbaycan güləşçilərinin qitədə bir nömrə olduqlarını bir daha sübut etdiklərini vurğuladı.
"Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir." Cənab Prezident öz çıxışında mühüm bir məqama toxunaraq bildirdi ki, idmançı yalnız arenalarda deyil, eyni zamanda cəmiyyətdə və məişətdə də özünü layiqincə aparmalıdır. Qazanılan medallar qədər idmançının mənəvi keyfiyyətləri, nizam-intizamı və gənclərə örnək olması böyük əhəmiyyət kəsb edir.Prezidentin çıxışından aydın olur ki, Azərbaycanın idman təqvimi getdikcə zənginləşir. Artıq Şahdağ xizək kurortunda dünya çempionatlarının keçirilməsi planlaşdırılır ki, bu da ölkəmizin həm yay, həm də qış idman növləri üzrə mərkəzə çevrildiyini göstərir.Azərbaycan idmançısının arxasında hər zaman güclü Azərbaycan dövləti və onun rəhbəri dayanır. Bu dəstək isə yeni-yeni zirvələrin fəthi üçün ən böyük stimul rolunu oynayır.
İsmayıl Ağayarov
YAP Şərur rayon təşkilatının fəal üzvü