Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının və Mil-Muğan Regional Təhsil idarəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilmişdir. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin açılış nitqi ilə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən bəhs etmiş və dahi rəhbərin idmana, xüsusilə intellektual oyunlara daim xüsusi diqqət yetirdiyini qeyd etmişdir. Təşkilat sədri bu cür yarışların keçirilməsinin gənclərin analitik düşüncə qabiliyyətinin inkişafında və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Bəhruz Nəbili Ümummilli Lider Heydər Əliyevin təhsilə və elmə verdiyi önəmi vurğulamış, şahmatın sadəcə idman deyil, həm də strateji düşünmə qabiliyyətini formalaşdıran bir mədəniyyət olduğunu qeyd edərək iştirakçılara uğurlar arzulamışdır.
Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov da öz növbəsində çıxış edərək, məktəblilər arasında şahmatın kütləviləşməsi istiqamətində görülən işlərdən bəhs etmişdir. O, Ulu Öndərin ideyalarının gənclər arasında təbliğinin əhəmiyyətini qeyd edərək, şagirdlərin belə intellektual yarışlara marağının artmasının təqdirəlayiq olduğunu vurğulamışdır.
Çıxışlardan sonra gərgin və maraqlı mübarizə şəraitində keçən şahmat yarışı start götürmüşdür. Yarışın yekun nəticələrinə əsasən, I yerə Elmar Nəsirli, II yerə Gülnar Əhmədova, III yerə isə Qeybulla Hüseynov layiq görülmüşdür. Yarışın sonunda qaliblər təltif olunmuş, onlara diplomlar və hədiyyələr təqdim edilmişdir.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.