PDF Oxu

Siyasət

  • 507

Azərbaycan idmanının yüksəlişi -ŞƏRH

image

Müasir dövrdə idman hər bir ölkənin yalnız fiziki inkişaf göstəricisi deyil, həm də onun beynəlxalq nüfuzunu, milli birliyini və gələcəyə baxışını əks etdirən mühüm amillərdən biridir. Xüsusilə də qlobal rəqabətin gücləndiyi bir zamanda idman arenalarında qazanılan uğurlar dövlətlərin “yumşaq güc” elementinə çevrilərək onların dünyada tanınmasına və mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Azərbaycan son illərdə idman sahəsində əldə etdiyi nailiyyətlərlə diqqət mərkəzinə çevrilmiş, bir çox mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək özünü güclü idman ölkəsi kimi təsdiqləmişdir.

Azərbaycan idmanının inkişafı təsadüfi proses deyil. Bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti, müasir idman infrastrukturunun qurulması, gənclərin idmana cəlb olunması və peşəkar kadrların yetişdirilməsi ölkədə sağlam idman mühitinin formalaşmasına zəmin yaradıb. Bu inkişafın mərkəzində isə dövlətin idmana göstərdiyi diqqət və qayğı dayanır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan idmançıları Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında müntəzəm olaraq yüksək nəticələr əldə edir, ölkənin bayrağını beynəlxalq arenalarda dalğalandırırlar. Bu kontekstdə aprelin 30-da Prezident İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olmuş güləşçilərin qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu görüş təkcə idmançıların uğurunun qeyd olunması deyil, həm də Azərbaycan idmanının inkişaf strategiyasının uğurlu nəticələrinin nümayişidir. Prezidentin idmançılarla müntəzəm görüşləri, onların nailiyyətlərinə verilən yüksək qiymət və gələcək hədəflərlə bağlı səsləndirilən fikirlər ölkədə idmanın davamlı inkişafına verilən önəmin bariz göstəricisidir. Belə bir fonda Azərbaycan güləşçilərinin Avropa çempionatında komanda hesabında çempion olması ölkənin idman tarixində növbəti mühüm səhifə kimi dəyərləndirilə bilər. Bu uğur həm zəngin idman ənənələrinin davam etdiyini, həm də yeni nəslin bu ənənələri uğurla yaşatdığını göstərir. Eyni zamanda, bu qələbə Azərbaycan cəmiyyətində idmana marağın daha da artmasına, gənclərin bu sahəyə yönəlməsinə və milli qürur hissinin güclənməsinə mühüm töhfə verir.

Son illərdə Azərbaycan beynəlxalq idman arenasında öz mövqeyini xeyli möhkəmləndirib. Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında qazanılan medallar, əldə olunan titullar ölkənin idman sahəsində strateji inkişaf modelinin uğurlu nəticələrini göstərir. Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olmuş güləşçilərlə görüşdə vurğuladığı kimi, bu uğurlar təsadüfi deyil, uzunmüddətli və məqsədyönlü siyasətin nəticəsidir. İdmançılar beynəlxalq yarışlarda ölkəni ləyaqətlə təmsil edir, Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Bu isə həm ölkə daxilində milli qürur hissini gücləndirir, həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir.

Prezident çıxışında idmanın təbiətinə xas olan vacib məqama da toxundu: uğurla yanaşı məğlubiyyətlər də qaçılmazdır. Bu yanaşma idmana realist baxışın göstəricisidir. Əsas məsələ nəticədən asılı olmayaraq idmançıların mübarizə ruhunun, qələbə əzminin yüksək olmasıdır. Məhz bu keyfiyyətlər Azərbaycan idmançılarını fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Güləş Azərbaycanda ənənəvi və ən uğurlu idman növlərindən biridir. Avropa çempionatında komanda hesabında əldə olunan çempionluq bu ənənənin davam etdiyini göstərir. Güləşçilərin uğurları təkcə fərdi nailiyyət deyil, həm də federasiya səviyyəsində düzgün qurulmuş işin nəticəsidir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Güləş Federasiyası və digər idman qurumları gələcəkdə də fəaliyyətlərini elə təşkil etməlidirlər ki, bu uğurlar davamlı xarakter alsın.

Hazırda idman sahəsində əldə olunan uğurlar və təşkil edilən mötəbər yarışlar hər bir ölkənin inkişaf səviyyəsini və beynəlxalq nüfuzunu əks etdirən əsas göstəricilərdən biri kimi çıxış edir. Azərbaycan da bu baxımdan son illərdə həm idman nailiyyətləri, həm də qlobal miqyaslı yarışlara ev sahibliyi ilə seçilən ölkələr sırasındadır. Bu uğurların arxasında isə məqsədyönlü dövlət siyasəti və idmana göstərilən yüksək diqqət dayanır. Prezident öz çıxışında bildirib ki, Azərbaycanda təşkil olunan beynəlxalq idman tədbirləri müxtəlif idman növlərinin populyarlaşmasına mühüm töhfə verir. Bu yanaşma təsadüfi deyil, çünki böyük yarışlar yalnız peşəkar idmançıları deyil, eyni zamanda gəncləri və geniş ictimaiyyəti də idmana cəlb edir. Azərbaycanda keçirilən beynəlxalq yarışlar və əldə olunan yüksək nailiyyətlər bir-birini tamamlayan amillərdir. Güclü təşkilatçılıq imkanları ilə yüksək idman nəticələrinin vəhdəti ölkəni regionun idman mərkəzlərindən birinə çevirib. Avropa çempionatında qazanılan tarixi qələbə isə bu uğurlu inkişafın məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycanın idman sahəsində qarşıdakı illərdə də böyük nailiyyətlər əldə edəcəyinə inamı daha da gücləndirir.

Azərbaycan idmanının qarşısında duran əsas məqsəd əldə olunan nailiyyətləri qorumaq və daha da inkişaf etdirməkdir. Gənc nəslin yetişdirilməsi, peşəkar məşqçi bazasının genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi bu istiqamətdə mühüm rol oynayacaq. Prezident İlham Əliyevin idmançılarla müntəzəm görüşləri də bu sahəyə verilən önəmin göstəricisidir. Bu görüşlər idmançılar üçün əlavə motivasiya mənbəyi olmaqla yanaşı, dövlətin daim onların yanında olduğunu nümayiş etdirir. Bütün bu amillər nəzərə alındıqda, Prezident İlham Əliyevin güləşçilərlə görüşü və səsləndirdiyi fikirlər təkcə cari uğurun qiymətləndirilməsi deyil, həm də Azərbaycan idmanının keçdiyi yolun, qazandığı təcrübənin və gələcək perspektivlərinin geniş mənzərəsini ortaya qoyur.

Avropa çempionatında qazanılan komanda çempionluğu və bunun dövlət səviyyəsində yüksək qiymətləndirilməsi bir daha sübut edir ki, Azərbaycan idmanı düzgün yoldadır. Bu uğurlar ölkənin ümumi inkişafının ayrılmaz hissəsidir və gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağına əsas verir. Azərbaycan xalqı artıq qalib xalq kimi yalnız siyasi və iqtisadi sahələrdə deyil, idman arenasında da öz gücünü nümayiş etdirir və bu qürur hissi hər bir vətəndaş üçün xüsusi əhəmiyyət daşıyır.

Səadət Məhərrəmova

Bakı Dövlət Universitetinin Fizika fakükəsinin Astrofizika kafedrasının tədris laboratoriyasının müdiri

Digər xəbərlər