PDF Oxu

Siyasət

  • 601

Azərbaycan güləşinin Avropa zəfəri və dövlət dəstəyi - ŞƏRH

image

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış etmiş güləşçilər və onların məşqçiləri ilə görüş keçirib. Bu görüş təkcə qazanılan medalların qeyd olunması deyil, eyni zamanda ölkədə idmanın inkişafına verilən önəmin bir daha nümayişi kimi dəyərləndirilir.

Görüş zamanı dövlət başçısı Azərbaycan idmançılarının əldə etdiyi nəticələrin yüksək səviyyədə hazırlığın və sistemli yanaşmanın nəticəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, son illərdə idman sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər, yaradılan geniş imkanlar və davamlı dəstək idmançılarımızın beynəlxalq arenada uğurlarını şərtləndirən əsas amillərdəndir.

Prezident çıxışında xüsusilə diqqətə çatdırıb ki, güləş Azərbaycanda ənənəvi və güclü idman növlərindən biridir və bu sahədə əldə olunan nəticələr ölkənin idman potensialını açıq şəkildə göstərir. Komanda hesabında birinciliyin qazanılması isə bu uğurun sistemli və kollektiv zəhmətin bəhrəsi olduğunu təsdiqləyir. Müxtəlif çəki dərəcələrində çıxış edən idmançıların yüksək nəticələri ölkədə seleksiya və hazırlıq prosesinin düzgün qurulduğunu göstərir.

Bununla yanaşı, görüşdə idmançıların yalnız yarış meydanında deyil, cəmiyyət içində də nümunəvi davranışlarının əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, beynəlxalq arenada Azərbaycanı təmsil edən hər bir idmançı ölkənin imicini formalaşdıran əsas simalardan biridir və onların davranışı ən az qələbələri qədər önəmlidir.

Görüşdə çıxış edən idmançılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək gələcək yarışlarda da daha yüksək nəticələr əldə etmək üçün səylərini davam etdirəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, dövlət səviyyəsində göstərilən dəstək onların motivasiyasını daha da artırır.

Ümumilikdə, bu görüş bir daha sübut edir ki, Azərbaycanda idman sahəsi davamlı inkişaf edən və strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Əldə olunan nailiyyətlər isə ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, eyni zamanda gənclər arasında idmana marağın artmasına mühüm təsir göstərir.

Kəmalə Məmmədova

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər