Yardımlı rayon Mərkəzi Kitabxanasında keçirilən növbəti tədbir Müstəqil Azərbaycanın qurucusu, Türk xalqların dahi oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuşdu. “Əbədi lider, əbədi irs” adlı görüşün təşkilatçıları isə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Yardımlı Peşə Məktəbi idi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən Vətən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Görüşdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, onun əbədi olmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlət gənclər siyasətinin formalaşdırılmasında misilsiz xidmətlərindən söhbət açdılar. O da bildirildi ki, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən bu siyasət hazırda da uğurla davam etdirilir və gənclərin vətənpərvər ruhda yetişməsi, cəmiyyətin fəal üzvlərinə çevrilməsi istiqamətində mühüm rol oynayır.
Sonda tədbirin əhəmiyyəti vurğulanaraq qeyd olundu ki, Heydər Əliyev irsinin təbliği və gənc nəslə aşılanması Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü