Azərbaycanın idman sahəsində qazandığı son nailiyyətlər sadəcə statistik rəqəmlər və medallardan ibarət deyil, bu qələbələr xalqın birliyini möhkəmləndirən mühüm amildir. Bu inkişafın təməlində dövlət rəhbərliyinin sahəyə xüsusi qayğısı, idmançılarla qurulan birbaşa dialoq və hər bir uğurun dövlət səviyyəsində dəyərləndirilməsi dayanır. Bu ənənənin davamı olaraq, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında zirvəni fəth edən güləşçilərimizlə növbəti görüş keçirilib.
Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev idmançıları qəbul edərək onları bu mühüm nailiyyət münasibətilə təbrik etdi. O bildirdi ki, bu qələbə bütün cəmiyyətdə sevinc doğurdu və Azərbaycan güləşçilərinin Avropada lider mövqeyini bir daha təsdiqlədi. Dövlət başçısının fikrincə, komanda hesabında birincilik təsadüfi deyil, uzun illər aparılan məqsədyönlü siyasətin və gənclərə qoyulan sərmayənin nəticəsidir. O vurğuladı ki, müasir dövrdə güləşdə rəqabət çox sərtdir və müxtəlif ölkələrdən güclü idmançılar iştirak edir. Buna baxmayaraq, Azərbaycan təmsilçiləri peşəkarlıq nümayiş etdirərək rəqiblərinə qalib gəliblər. Prezidentin yarışları şəxsən izləməsi onun idmana olan marağının göstəricisi kimi diqqət çəkir. Tarixi baxımdan Azərbaycanda güləş yalnız idman növü deyil, milli dəyərlərin və mərdliyin simvolu hesab olunur. Prezident İlham Əliyev də çıxışında bu ənənələrin qorunub saxlanıldığını qeyd etdi. Bununla yanaşı, o bildirdi ki, inkişaf ənənələrə bağlılıqla ziddiyyət təşkil etmir. Regionlarda fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri, düzgün qurulan seleksiya prosesi və gənclərin idmana cəlb edilməsi bu sahənin davamlı inkişafını təmin edir. Federasiya rəhbərliyində və məşqçi heyətində tanınmış idmançıların təmsil olunması da mühüm rol oynayır. Vaxtilə özü azarkeşlik etdiyi idmançıların indi məşqçi kimi uğur qazanmaları nəsillər arasında əlaqənin davam etdiyini göstərir.
Tiranadakı yarışlarda Azərbaycanın dövlət himni bir neçə dəfə səsləndirildi, həm yunan-Roma, həm sərbəst güləşdə, həm də komanda nəticələrinə görə. Prezident qeyd etdi ki, bayrağın qaldırılması xalqda böyük qürur hissi yaradır və idmançılar bu sevinci bütün ölkəyə bəxş edirlər. Onun sözlərinə görə, bu cür uğurlar gənclərin vətənpərvərlik ruhunda formalaşmasına ciddi təsir göstərir. İdmanın cəmiyyət həyatında mühüm yer tutduğunu bildirən dövlət başçısı son illərdə bu sahədə əldə olunan inkişafı yüksək qiymətləndirdi. Görüş zamanı qadın güləşçilərin nəticələri də xüsusi vurğulandı. Prezident onların medal qazanmalarını müsbət hal kimi qiymətləndirərək qızlar arasında güləşə marağın artdığını dedi. O, gələcəkdə daha böyük uğurların əldə olunacağına inandığını ifadə etdi. Bununla belə, bəzi hallarda uğursuzluqların səbəbi kimi texniki səhvlər və bəxt amilini də qeyd etdi. Ümumilikdə isə həm kişi, həm də qadın güləşi istiqamətində inkişafın davam etdiyini bildirdi. Qəbul zamanı diqqət çəkən məqamlardan biri idmançıların davranışı ilə bağlı səsləndirilən fikirlər oldu. Prezident vurğuladı ki, onların yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranış göstərməsi vacibdir və bu, əldə olunan medallar qədər əhəmiyyətlidir. O, bəzi ölkələrdə məşhur idmançıların şöhrətin təsiri ilə səhvlərə yol verdiyini xatırladaraq, Azərbaycanda belə halların müşahidə olunmadığını bildirdi. Onun sözlərinə görə, çempionlar yüksək mənəvi keyfiyyətlərə sahib olmalı və cəmiyyət üçün örnək rolunu oynamalıdırlar.
Eyni zamanda, Prezident bəzi yarışlarda Azərbaycan idmançılarına qarşı qərəzli münasibətlərin olduğunu da qeyd etdi. Xüsusilə Avropa səviyyəli yarışlarda belə halların daha çox müşahidə edildiyini bildirdi. Buna baxmayaraq, o, idmançılara hər zaman ədalətli və layiqli davranış prinsiplərinə sadiq qalmağı tövsiyə etdi. Çıxışında zamanın keçməsi və nəsillərin dəyişməsi mövzusuna da toxunan İlham Əliyev qeyd etdi ki, uzun illər ərzində bir neçə nəsil dəyişsə də, Azərbaycan idmanı uğurlarını davam etdirir. Ölkədə keçirilən beynəlxalq yarışlar və idmana göstərilən dövlət dəstəyi bu sahənin inkişafına mühüm töhfə verir.
Sonda Prezident vurğuladı ki, Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə eyni vaxtda komanda qələbəsinin əldə olunması xüsusi əhəmiyyət daşıyır və nadir hallarda rast gəlinir. Bu isə Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların miqyasını bir daha göstərir. Bu görüş təkcə idmançıların təbrik edilməsi deyil, həm də dövlətin idmana verdiyi önəmin, gələcək nəsillərə ünvanlanan mesajın və milli qürurun ifadəsi kimi yadda qaldı.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini