PDF Oxu

Siyasət

  • 1 063

Mühüm mesaj: Azərbaycan sülhə sadiqdir

image

İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən Prezident İlham Əliyevin Bakıdan verdiyi mühüm mesajlar Azərbaycanın regional təhlükəsizliyə və sabitliyə, geniş əməkdaşlığa sadiqliyinin təzahürü olmaqla yanaşı, dövlət başçısının müəyyən etdiyi sülh gündəliyini öz siyasi iradəsi və qətiyyəti ilə reallaşdırmaq niyyətini əks etdirdi.

Cənab Prezident çıxışında regional proseslərin son 9 aylıq təsvirini aydın şəkildə izah etdi. Vurğulandığı kimi, ötən ilin avqust ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamədən sonra, Ermənistanla sülh şəraitində yaşadığımız bu müddət ərzində Azərbaycan tərəfindən kifayət qədər sülhsevər addımlar atılıb, 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırılıb, regional kommunikasiya bağlantıları işlək vəziyyətə gətirilib.
İlk dəfə olaraq Azərbaycana məxsus neft məhsulları, benzin və dizel yanacağının bu ölkəyə tədarük edilməsi sayəsində Ermənistanın iqtisadi həyatında yeni imkanlar yaranıb. İndiyə qədər Ermənistana 12 min ton neft məhsulunun ixracı əlverişli qiymət siyasətini təmin etməklə, qarşılıqlı mal mübadiləsi etimadını formalaşdırıb.
Sülhün digər nailiyyəti bağlantıdır, tarixi Vaşinqton razılaşmalarına uyğun olaraq, əməkdaşlığa və tərəqqiyə xidmət edən təşəbbüslər dövlət başçımızın yorulmaz çalışqanlığı sayəsində ardıcıl olaraq davam etdirilir. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Azərbaycanı Naxçıvanla birləşdirməklə, həm də Orta Dəhlizin mühüm bir hissəsi olaraq inkişafın və geniş əməkdaşlığın dayanıqlı platformasına çevriləcəkdir. Bölgədə təsis edilən yeni rifah arxitekturasında Avropa ölkələri üçün də geniş imkanlar mövcuddur.
Eyni zamanda, Avropa siyasi institutlarının bəzilərinin ölkəmizə qarşı pis ənənəyə çevrilmiş ikili standartları və qərəzli yanaşma tərzi ikrah doğuran hallar kimi qəbul edilir. Prezident İlham Əliyevin bu konteksdən yanaşdıqda lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən və siyasi təzyiq və hibrid təhdid alətinə çevrilmiş AŞPA ilə mövcud münasibətlərə diqqət çəkməsi də təsadüfi deyil.
Bu təsisatın ədalət və obyektivliyi tamamilə itirməsinə sözsüz ki, laqeyd qalmaq mümkün deyil və cənab Prezidentin çıxışında Azərbaycanın Avropa Şurasına üzv olduğu 2001-ci ilə, özünün AŞPA-da fəaliyyət göstərdiyi vaxtlara tarixi ekskursiya etməsi təsadüfi deyildi. Ovaxtkı AŞPA ilə bugünkü arasındakı fərqi dövlət başçımız məhz bu cümlələrlə ifadə etdi: “Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.
Eləcə də, II Qarabağ müharibəsi bitdikdən bir müddət sonra – 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na kimi Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edən Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə ona mane olur. Dünyada ən fundamental məsələlərin - ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların problemlərini həll etmək yerinə Azərbaycanı hədəfə almaq bu qurumunda adət halına çevrilib.
Hətta Ermənistan və Azərbaycan arasında normal qonşuluq əlaqələrinin qurulduğu, etimad mühitinin bərqərar olduğu sağlam və münbit bir dövrdə belə AŞPA və Avropa Parlamentinin Azərbaycana münasibətinin dəyişməməsi, anti-Azərbaycan siyasətini, böhtan və qarayaxma fəaliyyətini ardıcıl surətdə davam etdirməsi hiddət doğurur.
Əlbəttə, beynəlxalq hüququn norma və prinsiplərinə, ədalət anlayışına hörmət etməyən, öz etibarını itirmiş qurumlarla əməkdaşlıqdan söhbət gedə bilməz. Milli Məclisin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul etməsi vaxtında və yerində atılan addım idi.
Mövcud situasiyanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə ali səviyyədə xatırladılması isə müvafiq ölkələrin dövlət və hökumət başçılarında gerçək vəziyyət haqqında aydın təsəvvür yaratmaq məqsədi daşıyırdı. Bu baxımdan, Prezident İlham Əliyevin Avropa liderləri qarşısında nümayiş etdirdiyi siyasi qətiyyət qürurvericidir.
Bütün bu hallara, sülh prosesinə mane olmaq istəyən tərəflərin cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və “Avropa Siyasi Birliyi”nin sülhün inşasına verəcəyi faydalara inanır. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısının İrəvanda keçirilməsi də məhz Azərbaycan ilə Ermənistan arasında sülh razılaşması sayəsində mümkün olub, onda bu təsisatın ədalətli və dürüst qərarlar qəbul etməsi bütün tərəflərin xeyrinə ola bilər. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın da etiraf etdiyi kimi, sülh prosesi sayəsində Cənubi Qafqaz transformativ bir mərhələ başlayıb.
Ümumiyyətlə, Avropa Siyasi Birliyinin sammitində təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə və digər sahələrdə əməkdaşlığı gücləndirmək barədə irəli sürülən fikir və təşəbbüslər, ideyalar Azərbaycan və Ermənistan arasında birbaşa siyasi dialoqun daha da möhkəmlənməsi, sülh etimadı yolunda atılan addımların başa çatdırılması, Vaşinqton Bəyannaməsinin uğurlu icrası üçün mühüm əhəmiyyət kəsb edir.
Sammitdə çıxış edən digər siyasi liderlərin verdiyi bəyanatlar xoşniyyətli olmaqla, onları bölgədə sülhün dayanıqlılığı, siyasi-iqtisadi transformasiyanın sona çatması baxımından dəyərləndirmək lazımdır. Həmin çıxışlardan yaranan qənaət ondan ibarətdir ki, qlobal mühitdə artan geosiyasi risklər fonunda möhkəm sabitlik Cənubi Qafqaz regionu üçün xüsusi əhəmiyyət daşıyır.

Ramid Namazov
Milli Məclisin deputatı

Digər xəbərlər