2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında Bakıda keçirilən görüş və verilən birgə bəyanatlar iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha təsdiqlədi. Bu səfər Avropa ilə Azərbaycan arasında formalaşan yeni geoiqtisadi reallıqların konkret ifadəsi kimi yadda qaldı.
Prezident İlham Əliyev çıxışında Azərbaycan–İtaliya münasibətlərinin artıq formal əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bu münasibətlər qarşılıqlı etimada əsaslanır. Bu kontekstdə Meloninin Bakıya səfəri həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı tərəflər enerji, nəqliyyat, infrastruktur və regional təhlükəsizlik məsələlərini geniş müzakirə etdilər.
Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan əsas məqamlardan biri İtaliya bazarının Azərbaycan üçün həm neft, həm də qaz ixracında birinci dərəcəli əhəmiyyətə malik olması idi. Bu, təsadüfi deyil. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, enerji ixracında əsas istiqamətlərdən biridir. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya çıxışında aparıcı rol oynayır. Bu reallıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artdığını göstərir. İtaliya bazarı artıq təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji platformaya çevrilib.
Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq uzun illərə dayanır. Lakin bugünkü mərhələdə bu əməkdaşlıq yeni məzmun qazanır. Artıq söhbət yalnız enerji tədarükündən deyil, həm də yaşıl enerji layihələrindən regional bağlantıların genişləndirilməsindən Avropa ilə Asiya arasında körpü rolunun gücləndirilməsindən gedir.
Ciorcia Meloni də çıxışında Azərbaycanın İtaliya üçün “çox mühüm tərəfdaş” olduğunu vurğulayaraq bu əlaqələrin geniş perspektivə malik olduğunu qeyd etdi. Görüş zamanı səsləndirilən fikirlərdən biri də Azərbaycanın coğrafi və geosiyasi mövqeyinin əhəmiyyətidir. İtaliya tərəfi Azərbaycanı Avropa ilə digər regionlar arasında etibarlı körpü kimi qiymətləndirdi. Bu yanaşma xüsusilə hazırkı mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın rolunu daha da ön plana çıxarır. Enerji marşrutlarının diversifikasiyası, alternativ təchizat yollarının formalaşdırılması və sabit tərəfdaşlara ehtiyac Avropa üçün prioritet məsələlərdəndir.
Bəyanatlarda regional məsələlər də diqqətdən kənarda qalmadı. İtaliya tərəfi Azərbaycan–Ermənistan normallaşma prosesinə dəstəyini ifadə edərək 2026-cı ilin bu baxımdan mühüm ola biləcəyini qeyd etdi. Bu isə onu göstərir ki, Azərbaycan–İtaliya əməkdaşlığı yalnız iqtisadi deyil, həm də siyasi sabitliyə töhfə verən mühüm platformadır.
Ciorcia Meloninin Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat bir daha sübut etdi ki, Azərbaycan–İtaliya münasibətləri artıq klassik ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq strateji və çoxşaxəli tərəfdaşlığa çevrilib. Ən önəmlisi isə budur ki,İtaliya bazarı Azərbaycanın neft və qaz ixracında əsas istiqamət olaraq qalır. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təminində həlledici rol oynayır. Azərbaycan isə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir
Beləliklə deyə bilərik ki, bu səfər əslində gələcək böyük layihələrin və daha dərin inteqrasiyanın başlanğıcı olacaq.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri