Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev həmin toplantıda videobağlantı formatında çıxış edərək regionda formalaşan yeni siyasi reallıqlar barədə fikirlərini bildirib. Bu çıxış post-münaqişə dövrünün siyasi mənzərəsini və gələcək istiqamətləri ifadə edən strateji mesajlarla yadda qalıb.
Dövlətimizin başçısının vurğuladığı məsələlərdən biri Ermənistan ilə münasibətlərdə əldə olunan irəliləyişlərlə bağlıdır. Xüsusilə Ermənistanın 2028-ci ildə növbəti Zirvə görüşünün Bakıda keçirilməsinə dəstək verməsi regionda qarşılıqlı etimadın formalaşmağa başladığını göstərən mühüm siyasi faktordur. Bir il əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş görüş zamanı irəli sürülən təşəbbüsün qəbul olunması və bu prosesdə həm Avropa liderlərinin, həm də Ermənistanın konstruktiv yanaşması yeni mərhələnin başlanğıcını təsdiqləyir. Bu kontekstdə sülhün artıq real davranış modeli kimi formalaşdığı aydın şəkildə nəzərə çarpır.
Tranzit məhdudiyyətlərinin aradan qaldırılması regionda iqtisadi münasibətlərin normallaşmasına mühüm töhfə verir. Bu çərçivədə Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yükün daşınması əhəmiyyətli göstərici hesab olunur. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın başlanması, xüsusilə benzin və dizel ixracı tərəflər arasında yeni iqtisadi münasibətlərin formalaşdığını təsdiqləyir. 12 min ton neft məhsulunun nəqli regionda qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır.
Münasibətlərin normallaşması prosesində diqqət çəkən digər mühüm məqam isə nəqliyyat və logistika layihələri ilə bağlıdır. Xüsusilə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim edilən təşəbbüs regionda yeni kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Bu marşrut Naxçıvanla birbaşa əlaqənin təmin olunmasına imkan yaradır və eyni zamanda, Orta Dəhlizin tərkib hissəsinə çevrilərək daha geniş geoiqtisadi əhəmiyyət kəsb edir. Həmin layihə regionun tranzit potensialını artırmaqla yanaşı, Avrasiya məkanında yeni ticarət arteriyalarının formalaşmasına xidmət edir. Bütün bunlar regionun strateji nəqliyyat qovşağı kimi rolunu gücləndirir və beynəlxalq logistika sistemində əhəmiyyətini artırır.
Prezident İlham Əliyev qeyd edib ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı ikili standartlarla çıxış edir. Qarabağda separatçılığa son qoyulduqdan sonra bu qurumların qəbul etdiyi qərarlar siyasi motivli və qərəzli xarakter daşıyır. Həmin yanaşma beynəlxalq münasibətlərdə bərabərlik prinsipinə zidd olan amil kimi dəyərləndirilir. Eyni zamanda, belə addımlar regionda sülh və əməkdaşlıq prosesinə qarşı sabotaj xarakteri daşıyır.
Beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və ədalətli yanaşma prinsipləri xüsusi əhəmiyyət daşıyır. Siyasi dialoqun konstruktiv məcrada davam etdirilməsi əməkdaşlıq mühitinin qorunması baxımından vacib amildir. Eyni zamanda, beynəlxalq platformalarda qərarların obyektivlik prinsipi əsasında qəbul edilməsi mühüm önəm kəsb edir, bu yanaşma dövlətlərarası etimadın möhkəmlənməsinə xidmət edir. Əks halda, selektiv və qərəzli yanaşmalar beynəlxalq əməkdaşlıq mühitinə mənfi təsir göstərə bilər. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın”.
Bütün çətinliklərə və xarici təsirlərə baxmayaraq, Azərbaycanın regionda davamlı sülhün qurulmasını prioritet kimi müəyyən etməsi əsas istiqamətlərdən biri kimi çıxış edir. Qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi və dialoqun davam etdirilməsi sülh prosesinin dayanıqlığı baxımından mühüm rol oynayır. Ermənistan rəhbərliyinin də həmin istiqamətdə verdiyi açıqlamalar müsbət dinamikanın qorunduğunu göstərən amil kimi dəyərləndirilir. Bu yanaşma regionda əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.
Beləliklə, Zirvə toplantısında vurğulanan fikirlər regionda yeni mərhələnin başlandığını bir daha təsdiqləyir. Sülh artıq yalnız məqsəd deyil, addım-addım reallaşan prosesdir. Bu prosesin davamlılığı isə həm regional aktorların siyasi iradəsindən, həm də beynəlxalq tərəfdaşların obyektiv və balanslı mövqeyindən asılı olacaqdır.
Heydər Əsədov
Milli Məclisin deputatı