Şəmkirdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirildi. Ekoloji aksiya Ümummilli Liderin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini davam etdirmək, əhali arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etmək məqsədilə YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkir Şəhər Parkında keçirildi.
Aksiyada YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, icra hakimiyyətinin və rayon təşkilatının kollektivi, Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində park ərazisində 200-ə yaxın həmişəyaşıl sərv ağacı, iqlim şəraitinə uyğun dekorativ ağac və kollar, eləcə də yeni növ iynəyarpaqlı ağaclar əkildi. Eyni zamanda, ərazidə təmizlik işləri aparılıb və əkilən yaşıllıqların suvarılması təmin olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən ərazinin daim nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu cür tədbirlər ekoloji tarazlığın qorunmasına və ətraf mühitin mühafizəsinə töhfə verir. Şəmkir rayonunda yaşıllaşdırma aksiyalarının il ərzində davam etdirilməsi nəzərdə tutulur.