İlham Əliyev tərəfindən 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxış regionda formalaşan yeni geosiyasi reallıqların və sülh gündəliyinin praktiki nəticələrinin təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı öz çıxışında xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlərə diqqət çəkmiş və bu prosesin artıq konkret nəticələr verdiyini vurğulamışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan daim regionda sülhün və sabitliyin təmin olunmasının tərəfdarı olub. Bu siyasət nəticəsində qarşılıqlı etimadın formalaşması üçün real zəmin yaranmışdır. Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də sülhün artıq yalnız siyasi bəyanat səviyyəsində deyil, əməli müstəvidə də özünü göstərməsi idi. Bu kontekstdə Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması faktı mühüm humanitar və siyasi jest kimi qiymətləndirilmişdir.
Bu addım, ilk növbədə, regionda qarşılıqlı əlaqələrin bərpasına və kommunikasiya xətlərinin açılmasına xidmət edən mühüm göstəricidir. Prezident vurğulamışdır ki, Azərbaycan bu təşəbbüslə humanitar prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir və regionda sabitliyin möhkəmləndirilməsinə töhfə verir. Eyni zamanda, bu fakt onu göstərir ki, Bakı sülh gündəliyinə sadiq qalaraq real addımlar atır və bu istiqamətdə konkret nəticələr əldə edir.
Çıxışda diqqət çəkilən digər mühüm məqam nəqliyyat və logistika əlaqələrinin inkişafı olmuşdur. Prezident İlham Əliyev bildirmişdir ki, regionda kommunikasiyaların açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün yeni iqtisadi imkanlar yaradır. Bu baxımdan Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığın genişlənməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Dövlət başçısı həmçinin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasının vacibliyini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, uzunmüddətli sülhün təmin olunması üçün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsas götürülməlidir. Azərbaycan bu prinsiplərə daim hörmətlə yanaşmış və gələcəkdə də bu mövqeyini davam etdirəcəkdir.
Avropa ilə əməkdaşlıq məsələlərinə də toxunan Prezident İlham Əliyev Azərbaycanın Avropa ölkələri üçün etibarlı tərəfdaş olduğunu qeyd etmişdir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yaşıl enerji sahəsində həyata keçirilən layihələr bu əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələr Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir.
Çıxışda vurğulanan əsas mesajlardan biri də ondan ibarət olmuşdur ki, sülh artıq nəzəri anlayış deyil, konkret nəticələrlə müşayiət olunan reallıqdır. Azərbaycan regionda sabitliyin təmin olunması və əməkdaşlığın inkişafı üçün bundan sonra da fəal rol oynamaqda davam edəcəkdir. Prezident İlham Əliyev bildirmişdir ki, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər gələcək inkişafın əsasını təşkil edir.
Bu çıxış regionda sülh prosesinin yeni mərhələyə qədəm qoyduğunu və Azərbaycanın bu prosesdə aparıcı rol oynadığını bir daha nümayiş etdirdi. Azərbaycan tərəfindən atılan praktiki addımlar, o cümlədən humanitar yüklərin daşınması və kommunikasiya layihələrinin təşviqi, regionun gələcək inkişafı üçün mühüm zəmin yaradır. Bu isə həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarını genişləndirir və davamlı sabitliyə xidmət edir.
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri