Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini və bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr uzun illər ərzində qarşılıqlı etimada, iqtisadi əməkdaşlığa və siyasi dialoqa əsaslanaraq möhkəmlənib.
Dövlət başçısının sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlığın hüquqi bazası artıq möhkəm şəkildə formalaşıb. Belə ki, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki mühüm bəyannamənin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edib. Bu sənədlər siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsinə güclü təkan verib.
Prezident İlham Əliyev çıxışında İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinə də xüsusi diqqət ayırıb. O bildirib ki, İtaliya şirkətləri uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərir və müxtəlif sahələrdə böyük layihələrin həyata keçirilməsində iştirak edirlər. Energetika, tikinti, infrastruktur və sənaye sahələrində bu əməkdaşlıq hər iki ölkə üçün qarşılıqlı fayda yaradır. Dövlət başçısı qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xüsusilə enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Prezident qeyd edib ki, Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.
Bəyanatda həmçinin vurğulanıb ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Humanitar, mədəni və təhsil sahələrində də əməkdaşlıq uğurla inkişaf edir. İki ölkə arasında qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və birgə layihələr əlaqələrin daha da dərinləşməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan və İtaliya bundan sonra da strateji tərəfdaşlıq münasibətlərini genişləndirmək və yeni istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Onun sözlərinə görə, mövcud siyasi iradə və qarşılıqlı maraqlar bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.
Beləliklə, Azərbaycan ilə İtaliya arasında formalaşmış strateji tərəfdaşlıq modeli həm regional, həm də beynəlxalq səviyyədə uğurlu əməkdaşlıq nümunəsi kimi çıxış edir və tərəflər arasında münasibətlərin davamlı inkişafına möhkəm zəmin yaradır.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri