Beynəlxalq münasibətlər siyasi münasibətlər əsasında formalaşır. Siyasi münasibətlər qarşılıqlı ehtiramdır, inamdır, iqtisadi əlaqələrdir. Dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycanla dünyanın əksər dövlətlərinin ikitərəfli, çoxtərəfli əlaqələri vardır və bu əlaqələr müxtəlif müstəvilərdə genişlənməkdədir. Qarşılıqlı əlaqələr qarşılıqlı rəsmi səfərlərlə daha da inkişaf etdirilir. Belə dövlətlərdən biri də İtaliya Respublikasıdır.
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin mayın 4-də Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin genişləndirilməsi baxımından dəyərləndirilməlidir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında bu görüşün həm siyasi, həm də iqtisadi əhəmiyyətini vurğulayaraq Azərbaycanla İtaliyanın strateji tərəfdaş olduğunu, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalandığını bildirərək dedi: “Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür. Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir...”.
Tərəfdaşlıq geniş anlayışdır. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq da geniş sahələri əhatə edir. Bu baxımdan dövlət başçımız İtaliya ilə Azərbaycan arasında ticarət əlaqələrinin yaxşı olduğunu, keçən il ticarət dövriyəmizin 12 milyard dolları haqladığını, tərəfdaşlığın əsas istiqamətlərindən birinin energetika sahəsini əhatələdiyini, Azərbaycanın İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə olduğunu da bildirərək dedi ki, ““Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”.
Son illərdə dünya miqyasında baş verən hadisələr müxtəlif regionlarda sülhə təhdidlər, ədalətsiz müharibələr, anlaşılmazlığın böyüyüb müharibəyə çevrilməsi və s. bütün dövlətləri düşündürür. Heç bir dövlət belə hadisələrdən sığortalanmayıb. Bu səbəbdən hər dövlət özünün təhlükəsizliyinin təmin olunması üçün gərəkli, zəruri tədbirlər görür. Belə tədbirlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin Azərbaycan səfərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında iki dövlət arasında hərbi-texniki əməkdaşlığın ümidverici olduğunu da bildurərək qeyd etdi ki, birgə layihələr həyata keçiriləcək, İtaliya bazarına Azərbaycanın marağı olduğu üçün İtaliya texnologiyaları ilə Azərbaycanın maliyyə vəsaitinin birləşdirilməsi haqqında konkret ideyalar vardır: “İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur; - Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var”.
İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlığın genişləndiyini vurğulayan dövlət başçımız dedi: “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar...”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin Azərbaycana səfərində qətiyyətlə dediyi kimi, “...bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”.
Səbinə Xasayeva
Milli Məclisin deputatı