Qəlbi xalqı ilə döyünən Ulu Öndər
Daim qəlbi xalqı ilə döyünən Dahi Öndər Heydər Əliyev ziyalıların müraciətinə müsbət yanaşdı və 24 oktyabr 1992-ci il tarixli ziyalılara cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
15 iyun 1993-cü il Azərbaycan tarixinin qızıl səhifəsidir
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas ola bildi. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Bu baxımdan haqlı olaraq 15 iyun 1993-cü il tarixi Azərbaycan tarixinin qızıl bir səhifəsi olaraq qeyd olunur. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişlərinin imzalanması, hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı digər sahələr də mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nailı olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Yeni dövrün yeni LİDERİ
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan dövlətinə və xalqına qələbələr bəxş etməkdədir. 2003-cü ildən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Dahi Öndərimiz Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur: "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı".
Uğurların, qələbələrin ən yüksək zirvəsi isə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsidir. 2023-cü ilin sentyabrın 19-da isə Qarabağda keçirilən antiterror əməliyyatları ilə bölgədəki bütün terrorçu hərbi birləşmələr məhv edildi və separatçı ünsürlərin əsas başçıları həbs edilərək istintaqa təhvil verildilər. Qısa müddət sonra isə Arutunyan, Vardanyan, Saakyan və digər insanlıq əleyhinə hərbi cinayətlər törətmiş hərbi canilər məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı aldılar. Qarabağın azadlığa qovuşmasının müəllifi isə Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevdir. Məhz onun sərkərdəlik bacarığı, diplomatik fəaliyyəti nəticəsində 30 illik erməni işğalına son qoyuldu. Bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə cəbhədə əldə olunmuş zəfər Qarabağın yenidən qurulması ilə davam etdirilir. İnsanlar quruculuq, abadlıq, bərpa və tikinti işlərindən sonra öz doğma yurd-yuvalarına qayıdırlar. Bütün bu kimi uğurlara, nailiyyətlərə görə Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətinə borcluyuq, Prezidentimiz, Fateh Sərkərdəmiz İlham Əliyevə təşəkkürlər edirik. Nə qədər Azərbaycan dövləti və xalqı var Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz İlham Əliyevin müəkəmməl şəkildə həyata keçirdiyi siyasəti yaşayacaq və ölkəmizə yeni-yeni qələbələr gətirəcək.
İ.ƏLİYEV