“Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətimizin şəhərsalma sahəsinə strateji baxışını, gələcək nəsillərə sağlam, təhlükəsiz, estetik və insan mərkəzli yaşayış mühiti miras qoymaq iradəsini ifadə edir. Həmçinin, ölkəmizin mədəni irsi, urbanistika və memarlıq sahələrinin inkişafında yeni perspektivlər açır. Bu təşəbbüs ölkəmizin milli mədəni və memarlıq irsinin qorunması ilə müasir şəhər mühitinin formalaşdırılması, yeni urbanistik yanaşmaların vəhdətini təmin etməklə, Azərbaycan şəhərlərinin simasının uzunmüddətli perspektivdə daha da təkmilləşdirilməsinə xidmət edəcək”.Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.Onun sözlərinə görə, 17-22 may tarixlərində Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi təsadüfi deyil:"Çünki ölkəmizin qlobal miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi var. 2024-ci ilin noyabrında respublikamızda BMT-nin ən mühüm və ən böyük tədbirlərindən biri olan iqlim konfransı - COP29 Bakıda uğurla baş tutması buna nümunədir. WUF13-ün Bakıda keçirilməsi ilə əlaqədar dünyanın nəzərləri yenidən Azərbaycana yönələcək, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq. Bakıda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək. Bu, regionun artan əhəmiyyətini və qlobal şəhərsalma gündəliyinin formalaşmasında rolunu əks etdirir. Forumun əsas məqsədlərindən biri milli təcrübələrin nümayiş etdirilməsi, bilik mübadiləsinin aparılması və mənzil problemlərinin həllində inklüziv şəhər inkişafını təşviq edən qabaqcıl beynəlxalq təcrübələri öyrənməkdir. Bu tədbir Azərbaycana öz şəhərsalma təcrübəsini, mənzil təşəbbüslərini təqdim etmək və beynəlxalq əməkdaşlığı daha da gücləndirmək imkanı verəcək.Azərbaycan memarlığının inkişafında ayrı-ayrı dövrləri fərqləndirmək mümkündür. Xüsusilə də Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilib, tədbirlər həyata keçirilib, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılıb, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulub. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir.Hazırda Prezident İlham Əliyevin xüsusi diqqəti ilə respublikamızda paytaxtdan ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirilir. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır. Hazırda paytaxtımız qədimliklə müasirliyin vəhdətində inkişaf etdirlir. Yeniləşməni, müasirləşməni simvolizə edən Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kimi modern üslublu unikal tikililər paytaxtımızın yeni gözəllik rəmzlərinə çevrilib və şəhərimizə gələn turistləri heyran qoyur".Pərvin Kərimzadə qeyd edib ki, bu gün, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür:"Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Bu plan əsasında yüzminlərlə insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir.Azərbaycan digər sahələrdə olduğu kimi, dünyadakı şəhərsalma çağırışları fonunda da ortaq məqsədlər naminə həmrəylik nümayiş etdirir. Bu baxıdan respublikamızın BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) çərçivəsində əməkdaşlığı da böyük önəm daşıyır. BMT nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir”.
Müəllif: Arzu Qurbanlı