PDF Oxu

Siyasət

  • 569

Uzunmüddətli strateji əməkdaşlıq - ŞƏRH

image

Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mətbuata verdiyi bəyanatlar hər iki ölkə arasında münasibətlərin təkcə mövcud səviyyəsini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Verilən bəyanatlar onu göstərdi ki, Azərbaycan - İtaliya əməkdaşlığı artıq formalaşmış tərəfdaşlıq çərçivəsindən çıxaraq daha geniş strateji məzmun qazanır. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin nitqindəki ilk fikirlər də Azərbaycanın İtaliya üçün beynəlxalq səviyyəli mühüm strateji tərəfdaş olduğunu açıq şəkildə ortaya qoyur: “Hesab edirəm ki, buraya gəlmək vacib idi, çünki Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır. Lakin buna baxmayaraq, mənə məlum oldu ki, 2013-cü ildən bəri İtaliyanın Baş naziri buraya səfər etməyib. Bu da mənə kifayət qədər qəribə görünür. Ona görə hesab edirəm ki, bu səfəri etmək həqiqətən vacib idi, çünki bizim əməkdaşlığımız həqiqətən də çox genişdir. Biz bir çox strateji sahələr üzrə əməkdaşlıq edirik, - əlbəttə ki, enerji, infrastruktur, bağlantı və mədəniyyət”.

İlk növbədə qeyd etmək lazımdır ki, bu münasibətlər təsadüfi və qısamüddətli maraqlara əsaslanmır. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin institusional bazasını formalaşdırıb. Bu gün həmin sənədlərdə nəzərdə tutulan istiqamətlərin real siyasi və iqtisadi əməkdaşlıqda əks olunması tərəflər arasında etimadın yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycan və İtaliya arasında münasibətlərin əsas sütunlarından biri, şübhəsiz ki, energetika sahəsidir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, həm də enerji əməkdaşlığında aparıcı mövqedədir. Azərbaycan qazının və neftinin İtaliya bazarında mühüm yer tutması təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Xüsusilə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi rolu daha da ön plana çıxır. Bu əməkdaşlıq artıq yalnız resurs ixracı ilə məhdudlaşmır, tərəflər enerji infrastrukturunun genişləndirilməsi və uzunmüddətli strateji planların reallaşdırılması istiqamətində də vacib addımlar atır.

Lakin diqqət çəkən əsas məqamlardan biri əməkdaşlığın yeni sahələrə doğru genişlənməsidir. Hərbi-texniki əməkdaşlıq, sənaye kooperasiyası və birgə istehsal imkanlarının müzakirə olunması tərəflərin münasibətlərə daha çox dəyər əlavə etməyə çalışdığını göstərir. İtaliya texnologiyalarının Azərbaycan kapitalı ilə birləşdirilməsi ideyası isə bu əməkdaşlığın iqtisadi səmərəliliyini artırmaqla yanaşı, həm də onu daha dayanıqlı edir.

İqtisadi əlaqələrin digər mühüm istiqaməti investisiya əməkdaşlığıdır. Azərbaycanın İtaliya iqtisadiyyatına qoyduğu milyardlarla dollar sərmayə və eyni zamanda İtaliya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyəti qarşılıqlı maraqların balanslı şəkildə təmin olunduğunu göstərir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın praktiki nəticələrinin bariz nümunəsidir.

Bununla yanaşı, münasibətlərin yalnız iqtisadi və siyasi çərçivə ilə məhdudlaşmadığını da qeyd etmək lazımdır. Təhsil və humanitar sahədə əməkdaşlıq, xüsusilə İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti, gələcək nəsillər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu, uzunmüddətli tərəfdaşlığın ən mühüm elementlərindən biridir. İtaliyanın nüfuzlu ali təhsil müəssisələri ilə qurulan bu platforma təkcə kadr hazırlığına deyil, həm də elmi biliklərin və akademik təcrübənin qarşılıqlı mübadiləsinə xidmət edir. Burada təhsil alan tələbələr gələcəkdə hər iki ölkə arasında intellektual körpü rolunu oynayaraq əməkdaşlığın davamlılığını təmin edəcək mühüm insan kapitalına çevrilir. Bununla yanaşı, mədəni əlaqələr də münasibətlərin dərinləşməsində mühüm rol oynayır. Tarixi və mədəni dəyərlərə malik olan Azərbaycan və İtaliya arasında humanitar sahədə qarşılıqlı maraq, ortaq layihələrin həyata keçirilməsi və mədəniyyətlərarası dialoqun inkişafı əməkdaşlığın daha dayanıqlı əsaslar üzərində qurulmasına şərait yaradır.

Elmi tədqiqat sahəsində əməkdaşlıq imkanları da diqqətəlayiqdir. İtaliyanın texnoloji və akademik təcrübəsi ilə Azərbaycanın inkişaf etməkdə olan elmi potensialının birləşməsi innovasiya yönümlü layihələrin reallaşdırılması üçün əlverişli zəmin formalaşdırır. Universitetlərarası əməkdaşlıq, birgə tədqiqat proqramları və akademik mübadilə bu istiqamətdə əsas alətlər kimi çıxış edir. Bu baxımdan Azərbaycan - İtaliya münasibətlərində elmi, mədəni və təhsil sahələri yalnız tamamlayıcı deyil, həm də strateji əhəmiyyət daşıyan istiqamətlər kimi formalaşır və bu əməkdaşlıq gələcək nəsillərin inkişafına birbaşa təsir göstərən uzunmüddətli perspektiv vəd edir.

İtaliya tərəfinin bəyanatlarında diqqət çəkən məqamlardan biri də əməkdaşlığın gələcəkdə daha sistemli şəkildə inkişaf etdirilməsi niyyətidir. Siyasi dialoqun davamlı koordinasiya mexanizminə çevrilməsi və biznes forumların təşkili planları göstərir ki, tərəflər münasibətləri daha strukturlaşdırılmış və nəticəyönümlü formatda inkişaf etdirmək istəyir.

Eyni zamanda, tərəflərin beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparması bu əməkdaşlığın yalnız ikitərəfli çərçivədə qalmadığını, daha geniş regional və qlobal kontekstdə də əhəmiyyət kəsb etdiyini göstərir. Enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində ortaq mövqelərin formalaşdırılması Azərbaycan və İtaliyanın tərəfdaşlığını daha strateji xarakterə çevirir.

Beləliklə, Azərbaycan və İtaliya münasibətləri artıq ənənəvi əməkdaşlıq modelindən çıxaraq çoxşaxəli və dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Bu tərəfdaşlıq yalnız mövcud maraqlara deyil, həm də gələcəyə hesablanmış ortaq baxışa əsaslanır və görünən odur ki, qarşıdakı illərdə daha da möhkəmlənərək genişlənəcəkdir.

Pərvin Eyvazov

Filologiya elmləri üzrə fəlsəfə doktoru, BDU-nun Azərbaycan dilçiliyi

kafedrasının müəllimi

Digər xəbərlər