Heydər Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın müasir inkişaf tarixində mühüm mərhələ kimi qəbul olunur. Onun rəhbərliyi dövründə həyata keçirilən islahatlar təkcə siyasi və iqtisadi sahələri deyil, həm də informasiya və media mühitini əhatə edib. Media sektorunun formalaşması, jurnalistikanın peşəkarlaşması və informasiya mühitinin tənzimlənməsi istiqamətində atılan addımlar bu dövrün əsas xüsusiyyətlərindən biri olub.1990-cı illərin ortalarından etibarən ölkədə mətbuat azadlığının genişləndirilməsi, yeni qəzet və informasiya vasitələrinin yaranması, eləcə də senzuranın ləğvi media sahəsində yeni mərhələnin başlanğıcı kimi qəbul edilir. Bu proses jurnalistlərin daha sərbəst fəaliyyət göstərməsinə, ictimai fikrin daha açıq şəkildə ifadə olunmasına şərait yaradıb. Eyni zamanda, dövlət və media münasibətlərində yeni yanaşmalar formalaşıb, informasiya siyasətində daha sistemli və institusional addımlar atılıb.Bu gün Azərbaycan mediasının inkişaf yolu məhz həmin dövrdə qoyulan təməllərlə birbaşa bağlıdır. Jurnalistikanın peşə standartlarının yüksəldilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media orqanlarının institusional inkişafı bu siyasətin davamı kimi dəyərləndirilir.Bəs görəsən baş redaktorlar bu məsələyə necə yanaşır, Heydər Əliyevin media sahəsinin inkişafında rolunu hansı amillərlə izah edir və onun həyata keçirdiyi siyasətin müasir jurnalistika mühitinə təsirini necə dəyərləndirirlər?
SİA baş redaktorlar arasında sorğu keçirib.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev: "Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində yalnız siyasi lider kimi deyil, həm də milli medianın inkişaf strategiyasını müəyyənləşdirən şəxsiyyət kimi xüsusi yer tutur.
Onun rəhbərliyi dövründə mətbuatın cəmiyyətdə rolu, dövlət quruculuğunda əhəmiyyəti və ictimai rəyə təsiri hər zaman diqqət mərkəzində saxlanılıb.Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət yalnız iqtisadiyyat və ordu ilə deyil, eyni zamanda sağlam informasiya siyasəti, peşəkar jurnalistika və milli maraqları qoruyan media sistemi ilə möhkəmlənir. Məhz buna görə də onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafı istiqamətində mühüm addımlar atıldı, jurnalistlərin fəaliyyəti üçün yeni imkanlar yaradıldı.Ən mühüm qərarlardan biri senzuranın ləğvi oldu. Bu addım ölkədə söz və fikir azadlığının genişlənməsinə, mətbuat orqanlarının daha sərbəst fəaliyyət göstərməsinə ciddi təkan verdi. O dövr üçün bu, tarixi bir qərar idi və Azərbaycanın demokratik inkişaf kursunun göstəricisi sayılırdı. Paralel olaraq, kütləvi informasiya vasitələrinin hüquqi bazası formalaşdırıldı, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirildi.Ulu Öndər jurnalist əməyinə hər zaman yüksək qiymət verirdi. O, media nümayəndələri ilə açıq dialoqa üstünlük verir, onların suallarını cavablandırır və cəmiyyətlə hakimiyyət arasında medianın körpü rolunu xüsusi vurğulayırdı. Jurnalistlərlə müxtəlif səfərlərdə iştirak etmək imkanı olmuş və müşahidə edilmişdir ki, Heydər Əliyev informasiya məsələlərinə son dərəcə həssas yanaşır, hər bir açıqlamanın ictimai təsirini dərindən qiymətləndirirdi. O, jurnalistə sadəcə xəbər daşıyıcısı kimi deyil, dövlət və xalq qarşısında məsuliyyət daşıyan ziyalı kimi baxırdı.Onun müəyyən etdiyi media siyasəti nəticəsində Azərbaycanda milli informasiya məkanı formalaşdı, dövlət maraqlarını müdafiə edən peşəkar jurnalistika ənənələri gücləndi. Xarici təbliğat və dezinformasiya fonunda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm əsaslar yaradıldı.Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən media siyasətinin təməlində məhz Heydər Əliyevin strateji baxışı dayanır. Müasir Azərbaycan mediasının inkişafı, rəqəmsallaşması və beynəlxalq nüfuzunun artması Ulu Öndərin müəyyən etdiyi yolun məntiqi davamıdır.Heydər Əliyevin media sahəsinə verdiyi töhfələr təkcə bir dövrün deyil, bütöv bir gələcəyin əsasını təşkil edir. Onun irsi göstərir ki, azad sözə hörmət edən, milli maraqları qoruyan və peşəkarlığı üstün tutan media dövlətin ən mühüm dayaqlarından biridir".
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Azərbaycan milli mətbuatı uzun və şərəfli yol keçərək müxtəlif tarixi dövrlərin sınaqlarından çıxıb, zamanla güclənərək bugünkü inkişaf səviyyəsinə çatıb.
Bu inkişafın müasir mərhələsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu sadəcə informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi.Müstəqilliyimizin bərpasının ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat da problemlərlə üz-üzə qalmışdı. Mətbuat azadlığı hər addımda boğulur, jurnalistlər təzyiqlərlə üzləşirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra azad mətbuatın inkişafında yeni mərhələ başladı. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi və vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Ümummilli Lider medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Senzuranın ləğvi azad mətbuatın qarşısında yeni imkanlar açdı. Ümummilli Lider müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafı, bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı və onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım kimi dəyərləndirildi. Ümumiyyətlə, 1998-ci ildə Azərbaycanda senzuranın rəsmi şəkildə ləğv edilməsi təkcə mətbuat üçün deyil, bütövlükdə demokratik cəmiyyət quruculuğu baxımından mühüm dönüş nöqtəsi oldu. Bu qərar sözə azadlıq, mətbuata yeni nəfəs, jurnalistlərə isə cəsarət verdi.2000-ci ilin martında Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı” təsdiq olundu. Ulu Öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu. Ümummilli Lider, həmçinin cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı.Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azad mətbuatın inkişafı Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir. Mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək imkanını gerçəkləşdirir. Azad mətbuatın mövcud olduğu ölkələrdə demokratiya və siyasi plüralizm mühiti formalaşır. Ölkəmizdə söz və mətbuat azadlığı tam şəkildə təmin olunub, qəzet və jurnallar nəşr edilir, televiziya kanalları fəaliyyət göstərir, onlayn media şəbəkəsi isə ildən-ilə daha da genişlənir. Müasir texnologiyaların tətbiqi nəticəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olub".
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Heydər Əliyev müstəqil Azərbaycanda medianın inkişafı istiqamətində mühüm və sistemli addımlar atan ilk siyasi liderlərdən biri olub.
Xüsusilə 1990-cı illərin əvvəllərində onun hakimiyyətə qayıdışından sonra mətbuat sahəsinə göstərilən dövlət dəstəyi milli medianın formalaşmasında həlledici rol oynayıb.Həmin dövrdə media orqanlarının maliyyə və maddi-texniki vəziyyəti olduqca zəif idi. Eyni zamanda yeni formalaşan milli mətbuatın xarici təsirlərə məruz qalma riski də yüksək idi. Peşəkarlıq səviyyəsinin yetərli olmaması bu təhlükəni daha da artırırdı. Belə bir şəraitdə dövlətin mətbuata dəstək verməsi zəruri idi.Bu çərçivədə atılan mühüm addımlardan biri mətbuat orqanlarının nəşriyyatlara olan borclarının silinməsi oldu. Bu qərar media qurumlarının fəaliyyətini davam etdirməsinə və maliyyə yükünün azalmasına ciddi töhfə verdi.Eyni zamanda jurnalistlər üçün fəxri adların təsis edilməsi, onların əməyinin qiymətləndirilməsi və müxtəlif təşviq mexanizmlərinin tətbiqi də media sahəsində motivasiyanı artırdı. Bu, jurnalistikanın peşəkarlaşmasına müsbət təsir göstərdi.Digər mühüm addım isə media orqanlarının qeydiyyatının sadələşdirilməsi oldu. Bu, yeni mətbuat qurumlarının yaranmasına geniş imkanlar açdı və ölkədə informasiya mühitinin zənginləşməsinə səbəb oldu. Bununla yanaşı, media fəaliyyətinin hüquqi çərçivədə tənzimlənməsi istiqamətində də addımlar atıldı və qanunvericilik bazası təkmilləşdirildi.Xüsusilə qeyd olunmalıdır ki, mətbuat üzərində senzuranın ləğvi Azərbaycan mediasının inkişafında dönüş nöqtəsi oldu. Bu addım söz və ifadə azadlığının təmin olunmasına mühüm töhfə verdi.Ümumilikdə, Heydər Əliyevin media sahəsində həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyırdı və konkret məqsədlərə xidmət edirdi. Bu siyasət müstəqil Azərbaycanın milli mətbuatının formalaşmasının əsasını qoydu".
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli: "Heydər Əliyev Azərbaycanın media sahəsinin inkişafına mühüm və əhəmiyyətli töhfələr verib. Onun prezident seçildiyi gündən etibarən mətbuata göstərdiyi diqqət və qayğı milli medianın formalaşmasında xüsusi rol oynayıb.
Xüsusilə 1998-ci ildə senzuranın ləğvi Azərbaycan mediasının tarixində dönüş nöqtəsi olub. Bu addım azad və müstəqil mətbuatın inkişafına verilən ən böyük töhfələrdən biri kimi qiymətləndirilir.Bununla yanaşı, həmin dövrdə qəzetlərin borclarının silinməsi, media rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi və onların problemlərinin dinlənilməsi dövlətin mediaya verdiyi dəstəyin bariz nümunəsidir. Bu tədbirlər media qurumlarının fəaliyyətinin sabitləşməsinə və inkişafına ciddi təkan verib.Məhz bu siyasətin nəticəsi olaraq müstəqil Azərbaycan mediasının institusional əsasları formalaşıb. Bu gün ölkədə fəaliyyət göstərən bir çox aparıcı media qurumları da öz inkişaf yoluna həmin dövrdə qoyulan təməl üzərində başlayıblar.Eyni zamanda, jurnalistlərin dövlətçilik prinsiplərinə sadiq mövqedən çıxış etməsi də dövlətin mediaya yaratdığı şərait və göstərdiyi etimadın nəticəsi kimi qiymətləndirilə bilər.Ümumilikdə, söz və mətbuat azadlığının, eləcə də sağlam informasiya mühitinin formalaşmasında Heydər Əliyevin hakimiyyət illərində atılan addımlar xüsusi əhəmiyyət daşıyır və bu sahənin inkişafında əsas mərhələ kimi dəyərləndirilir".
Müəllif: Günel Fərzəliyeva