Azərbaycan ilə İtaliya arasında münasibətlər yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmır, eyni zamanda yeni istiqamətlər üzrə də inkişaf edir. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorgia Meloninin Azərbaycana səfəri çərçivəsində Prezident cənab İlham Əliyev ilə keçirilən görüşlərdə bu məsələyə xüsusi diqqət yetirildi. Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, “yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir”. Bu fikir göstərir ki, iki ölkə arasında tərəfdaşlıq artıq daha geniş və strateji sahələri əhatə etməyə başlayır. Hərbi-texniki əməkdaşlıq ölkələrin təhlükəsizliyi və müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bəyanatda qeyd edib: “Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb.”
Həmçinin, iqtisadi əlaqələr çərçivəsində İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu şirkətlər uzun illərdir ölkəmizdə müxtəlif sahələrdə - enerji, tikinti, infrastruktur, sənaye və xidmət sektorlarında uğurla fəaliyyət göstərir və Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə verirlər. Onların fəaliyyəti eyni zamanda Azərbaycanın investisiya mühitinin cəlbediciliyinin göstəricisi kimi çıxış edir.
Ciorgia Meloninin səfəri bir daha göstərdi ki, tərəflər mövcud əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Yeni layihələrin həyata keçirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilib. Nəticə etibarilə, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında ikitərəfli münasibətlər sabit və yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğun olaraq gələcəkdə də davam edəcək və yeni uğurlara yol açacaq.
Azərbaycan-İtaliya münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Enerji diplomatiyası ilə başlayan əlaqələr bu gün təhsil, humanitar sahə, sənaye və texnologiya, hərbi-texniki sahələrdə də inkişaf edərək dayanıqlı xarakter alıb. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, səfər Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaq. Ölkələrimiz strateji tərəfdaşdırlar. 2014-cü və 2020-ci illərdə imzalanan strateji tərəfdaşlığa dair iki bəyannamə münasibətlərimizin əsasını təşkil edir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycanda olması bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı