PDF Oxu

Siyasət

  • 661

Ulu Öndərin vəsiyyəti və milli-mənəvi dəyərlər əsasında

image

Azərbaycan xalqının özünəməxsus milli dəyərləri vardır ki, bu xalq hansı dövrdən, çətinliklərdən, müharibələrdən, ağrı-acılardan keçməsinə baxmayaraq həmin dəyərlərə sadiq qalmış, onları qoruya-qoruya nəsillərdən-nəsillərə təhvil vermişdir. Onlardan biri də xalqın birliyi, həmrəyliyidir ki, 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq. Ulu Öndərimiz də bu dəyərlərin hər zaman qorunmalı olduğunu tövsiyə edirdi.

Prezident cənab İlham Əliyev: Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.

Güclü ordu quruculuğu Ulu Öndərin vəsiyyəti idi

Bu, tarixi faktdır ki, 90-cı illərin əvvəllərində ordumuz yox dərəcəsində idi. Yənu ordu quruculuğu işini həmin dövrdə gündəmə gətirən də yox idi. Çünki ovaxtki dövlət rəhbərlərinin başı öz vəzifə kürsülərini qoruyub saxlamağa qarışmışdı. Onlar ordu barədə nə üçün düşünməli idilər ki? Öz əlləri ilə düşmənə satdıqları torpaqları qorumaq üçünmü? Bu iki hal bir-biri ilə ziddiyyət təşkil etdiyinə görə bu barədə danışmağa da əsla dəyməz.

Həmin dövrdə Naxçıvanda yaşayan və fəaliyyət göstərən dahi şəxsiyyət Heydər Əliyev üçrəngli dövlət bayrağımızın qaldırılması, dövlət rəmzlərimizin tanınması kimi, artıq orada ordu quruculuğuna da başlanmışdı. Azərbaycan Milli Ordusunun təməli Ulu Öndər tərəfindən qoyulmuşdu. Sonrakı illərdə isə bu, daha da şaxələndirildi və bu sahədə həyata keçirilən bir-birindən əhəmiyyətli işlər bugünkü güclü ordumuzun yaradılması ilə nəticələndi.

Bu barədə dövlətimizin başçısı deyir: Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.

Sonuncu vəsiyyət də yerinə yetirildi

Bu barədə Prezident İlham Əliyevin dəyərli və yaddaqalan, bütün nəsillərə nümunə olan dəyərli fikirlərini dinləmək kifayətdir: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

Bir fədakarlıq nümunəsi

Bütün həyatını, sağlamlığını xalqının xoşbəxtliyinə, müstəqilliyimizin əbədiliyinə, torpaqlarımızın azadlığına həsr edən böyük Heydər Əliyevin həyatı da, fəaliyyəti də bir fədakarlıq nümunəsi idi.

Yaxşı yadımdadır, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində torpaqlarımızı satanlar isti otaqlarında boş-boş işlərlə məşğul olduqları zaman Ulu Öndərimiz qazsız, işıqsız Naxçıvanda buz kimi evdə yaşayır, Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyətə malik olan sənədlərə qaranlıq, soyuq iş otağında imza atırdı. Saatlarla o soyuq otaqda bu xalqın qurtuluşu üçün yollar axtarıb tapırdı.

Minilliklər boyu bir xalqın taleyində belə şəxsiyyətlər çox az halda olur. Biz çox xoşbəxt xalqıq ki, Ulu Öndər bizim tale payımız, alın yazımız olub. Biz bugünkü müasir, müstəqil Azərbaycan üçün Ulu Öndərimizə, onun ölməz ideyalarına borcluyuq. Dövlətimizin başçısının söylədiyi kimi: Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.

Mətanət Məmmədova

Digər xəbərlər