PDF Oxu

Siyasət

  • 526

Avropanın “ikili standartlar” siyasəti - ŞƏRH

image

2026-cı il 4 may tarixində Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxışı zamanı Avropa təsisatlarının Ermənistan–Azərbaycan sülh prosesinə münasibətində müşahidə olunan qeyri-obyektiv yanaşmaları açıq şəkildə gündəmə gətirdi. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların fəaliyyətində “ikili standartlar”ın üstünlük təşkil etdiyini vurğulayan Prezident, bunun regionda davamlı sülhə xidmət etmədiyini bildirdi. Bu mövqe təkcə cari siyasi vəziyyətin deyil, həm də Avropanın uzun illər boyunca müxtəlif regionlara münasibətdə sərgilədiyi selektiv yanaşmanın davamı kimi qiymətləndirilə bilər.

Müasir mərhələdə Ermənistan–Azərbaycan münasibətlərində yeni reallıqlar formalaşmaqdadır. Xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və regionda kommunikasiyaların açılması istiqamətində təşəbbüslər sülhün praktik nəticələrini ortaya qoyur. Bu baxımdan “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təşəbbüslər, eləcə də Orta Dəhlizin inkişafı regional inteqrasiyanı gücləndirən amillər kimi çıxış edir. Avropa Komissiyası tərəfindən sülh prosesinə daha balanslı yanaşmanın nümayiş etdirilməsi də Prezident tərəfindən müsbət qiymətləndirildi. Lakin bütün Avropa təsisatlarının eyni mövqedən çıxış etməməsi, əksinə, bəzilərinin siyasi motivli qərarlar qəbul etməsi ciddi narahatlıq doğurur.

Bu kontekstdə AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinə qarşı sanksiya xarakterli qərar qəbul etməsi xüsusilə diqqət çəkir. Azərbaycan 2001-ci ildən Avropa Şurası üzvü olaraq bu qurumun fəaliyyətində fəal iştirak etmiş, heç vaxt belə məhdudiyyətlərlə üzləşməmişdir. Lakin 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində separatçılığa son qoymasından cəmi bir neçə ay sonra bu cür qərarın verilməsi suallar doğurur. Halbuki Azərbaycan faktiki olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş və uzun müddət icra olunmayan qətnamələrin həyata keçirilməsini təmin etmişdir. Bu isə beynəlxalq hüququn tətbiqi baxımından presedent xarakterli hadisə idi.

Avropanın ikili standartlar siyasətini yalnız bugünkü hadisələrlə məhdudlaşdırmaq düzgün olmazdı. Tarixə nəzər saldıqda bu yanaşmanın müxtəlif dövrlərdə təkrarlandığını görmək mümkündür. Məsələn, Yuqoslaviya müharibələri zamanı Avropa dövlətlərinin fərqli tərəflərə münasibətdə dəyişkən mövqeləri, yaxud İraq müharibəsi dövründə beynəlxalq hüququn selektiv şəkildə tətbiqi bu siyasətin bariz nümunələridir. Bəzi hallarda ərazi bütövlüyü prinsipi qətiyyətlə müdafiə olunmuş, digər hallarda isə geosiyasi maraqlar naminə bu prinsipə göz yumulmuşdur.

Eyni tendensiya postsovet məkanında da müşahidə olunmuşdur. Məsələn, müxtəlif regionlarda separatizmə fərqli yanaşmalar sərgilənmiş, bəzi hallarda bu meyllər dəstəklənmiş, digərlərində isə kəskin şəkildə pislənmişdir. Bu isə beynəlxalq münasibətlər sistemində vahid meyarların olmadığını, daha çox siyasi maraqların üstünlük təşkil etdiyini göstərir. Azərbaycan məsələsində də bənzər yanaşmanın tətbiqi, xüsusilə Qarabağ məsələsinin uzun illər ərzində həllsiz qalması bu kontekstdə izah oluna bilər.

Bugünkü reallıqda isə regionda sülh üçün real imkanlar yaranmışdır. Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın formalaşdırılması perspektivləri mövcuddur. Bu prosesdə beynəlxalq aktorların obyektiv və ədalətli mövqe tutması həlledici əhəmiyyət kəsb edir. Əks halda, selektiv yanaşmalar və ikili standartlar sülh təşəbbüslərini zəiflədə, tərəflər arasında etimadsızlığı artıra bilər.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər yalnız bir siyasi bəyanat deyil, həm də beynəlxalq münasibətlər sistemində mövcud olan struktur problemlərə işarədir. Avropa təsisatlarının regiona münasibətdə daha balanslı, hüquqa əsaslanan və prinsipial mövqe sərgiləməsi həm Ermənistan–Azərbaycan sülh prosesinin uğuru, həm də ümumilikdə beynəlxalq hüququn nüfuzu baxımından vacibdir. Tarix göstərir ki, ikili standartlar uzunmüddətli perspektivdə nə sabitlik, nə də ədalət gətirir. Buna görə də, yeni mərhələdə daha obyektiv və bərabər yanaşmanın formalaşdırılması qaçılmaz zərurət kimi çıxış edir.

Hüseyn Şəkərəliyev

YAP Culfa rayon təşkilatının faəlı, partiya veteranı

Digər xəbərlər