2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər Azərbaycan–İtaliya əlaqələrinin yalnız iqtisadi deyil, həm də siyasi, humanitar və strateji baxımdan mühüm əhəmiyyət daşıdığını ortaya qoydu. Dövlət başçısının “Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır” sözləri iki dövlət arasında formalaşmış etibarlı münasibətlərin əsas mahiyyətini ifadə edir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuş, sonrakı dövrlərdə siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq sürətlə genişlənmişdir. Xüsusilə son onillikdə yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin strateji xarakter almasına mühüm töhfə vermişdir.
2014-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə Azərbaycan–İtaliya münasibətlərinin yeni mərhələyə keçidini təmin etmişdir. Həmin sənəd siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm hüquqi-siyasi baza yaratmışdır. Bu sənəd tərəflərin bir-birini etibarlı tərəfdaş kimi qəbul etdiyini və uzunmüddətli əməkdaşlıq niyyətini ortaya qoymuşdur.
2020-ci ildə imzalanmış ikinci strateji tərəfdaşlıq bəyannaməsi isə münasibətlərin daha yüksək səviyyəyə yüksəldiyini göstərmişdir. Həmin dövrdə enerji təhlükəsizliyi məsələləri Avropa üçün xüsusi aktuallıq kəsb edirdi və Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş kimi ön plana çıxırdı. İtaliya Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından birinə çevrilmiş, xüsusilə enerji sahəsində əməkdaşlıq daha da genişlənmişdir. Cənub Qaz Dəhlizi və TAP layihəsi iki ölkə arasındakı strateji əməkdaşlığın ən mühüm nümunələrindən biri olmuşdur. Azərbaycan qazının Avropaya, xüsusilə İtaliyaya nəqli həm Avropanın enerji təhlükəsizliyinə töhfə verir, həm də Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir.
Ciorcia Meloninin Azərbaycana gəlməsi xüsusi siyasi və diplomatik məna daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu addım Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz nümunəsidir. Bu səfər İtaliyanın Azərbaycanı regionun aparıcı dövləti və etibarlı tərəfdaşı kimi qiymətləndirdiyini göstərir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimad mühüm amildir və Bakı–Roma münasibətləri məhz bu etimad üzərində qurulub.
İki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədə inkişaf edir. Qarşılıqlı səfərlər, aparılan danışıqlar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq strateji tərəfdaşlığın əsas göstəricilərindəndir. Bununla yanaşı, iqtisadi münasibətlər də sürətlə genişlənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 12 milyard dollar təşkil etməsi əməkdaşlığın iqtisadi gücünü açıq şəkildə nümayiş etdirir.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan–İtaliya münasibətlərinin əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və İtaliya bu sahədə əsas tərəfdaşlardan biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir. Keçən il Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönləndirilib. Bu göstərici İtaliyanın Azərbaycan üçün nə qədər mühüm enerji tərəfdaşı olduğunu göstərir.
İtaliya bazarı Azərbaycan üçün mühüm iqtisadi istiqamətlərdən biridir. Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırması iki ölkə arasında iqtisadi etimadın göstəricisidir. Yeni investisiya layihələrinin müzakirə olunması isə tərəflərin iqtisadi əlaqələri daha da genişləndirmək niyyətində olduğunu göstərir.
İtaliya şirkətləri uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Hazırda ölkəmizdə fəaliyyət göstərən 130-a yaxın İtaliya şirkəti müxtəlif sahələrdə mühüm layihələr həyata keçirir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətlərinin 23 layihədə iştirakı diqqətəlayiqdir. Bu fakt İtaliyanın Azərbaycanın bərpa və yenidənqurma prosesinə verdiyi dəstəyi nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr regionun iqtisadi dirçəlişi ilə yanaşı, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilir.
Humanitar və təhsil sahəsində əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Bakıda İtaliya–Azərbaycan Universitetinin açılması mühüm hadisə olmuşdur. Hazırda burada 500-dən çox tələbənin təhsil alması gələcəkdə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu universitet yalnız peşəkar kadrların hazırlanması baxımından deyil, həm də xalqlar arasında mədəni və mənəvi körpülərin qurulması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan–İtaliya münasibətləri bu gün strateji tərəfdaşlığın uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında əlaqələr möhkəm siyasi iradəyə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır. Enerji, iqtisadiyyat, hərbi-texniki sahə, təhsil və humanitar əməkdaşlıq istiqamətlərində əldə olunan nailiyyətlər Bakı–Roma münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyini deməyə əsas verir. Bu strateji tərəfdaşlıq həm Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir, həm də Avropanın enerji və regional təhlükəsizliyinə mühüm töhfə verir.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı