PDF Oxu

Siyasət

  • 746

Azərbaycan Avropa siyasi sistemində söz sahibi kimi mövqeyini möhkəmləndirməyə davam edir

image

2026-cı il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi
çıxışla dövlətimizin son illərdə formalaşdırdığı geosiyasi kursu, sülh təşəbbüslərini
və Avropa institutları ilə münasibətlərdə yaranmış yeni reallıqları sistemli şəkildə
təqdim etdi. Dövlət başçımız çıxışında postmünaqişə dövründə Cənubi Qafqazın
transformasiyası, regional əməkdaşlıq modellərinin yenidən qurulması kimi
məsələlərə toxundu.
Cənab Prezident çıxışında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın
qısa müddət öncə Azərbaycana etdiyi səfəri xatırlatdı. Dövlət başçımız
Ermənistanın 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti Zirvə görüşünün
Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirdi. Bu isə iki ölkə arasında
münasibətlərin normallaşması istiqamətində mühüm göstəricisidir. Xüsusilə
Antonio Koşta və Ursula Fon der Lyayen ilə aparılan müzakirələr nəticəsində
qəbul edilən bu qərar regional balansın qorunması baxımından da əhəmiyyətlidir.
Azərbaycanın 2026-cı ildə Ermənistanda keçirilən Zirvə görüşünə əvvəlcədən
dəstək verməsi və qarşılıqlı olaraq 2028-ci il üçün Bakının namizədliyinin qəbul
edilməsi diplomatik qarşılıqlılıq prinsipinin real tətbiqidir.
Cənab Prezidentin çıxışında vurğuladığı ən mühüm praktiki nəticələrdən biri
sülhün iqtisadi dividendləridir. 1990-cı illərdən tətbiq olunan tranzit
məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması və nəticədə Ermənistana
28 min ton yükün Azərbaycan ərazisindən daşınması regionda yeni iqtisadi
inteqrasiya mərhələsinin başlanğıcını göstərir.
Bununla yanaşı, Azərbaycanın Ermənistana ilk dəfə olaraq neft məhsulları –
benzin və dizel ixrac etməsi tərəflər arasında qarşılıqlı iqtisadi modelin
formalaşdığını göstərir. 12 min ton neft məhsulunun ixracı həm ticarət göstəricisi,
həm də siyasi etimadın iqtisadi müstəvidə təzahürüdür.
Dövlət başçımızın çıxışında xüsusi vurğulanan layihələrdən biri “Trampın
Beynəlxalq Sülh və Rifah Marşrutu” oldu. Bu təşəbbüs Azərbaycanın əsas
hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, onu Orta Dəhlizin mühüm
komponentinə çevirəcək. Layihə yalnız regional deyil, Avrasiya miqyasında
logistika və ticarət axınlarına təsir göstərə biləcək potensiala malikdir.
Bu kontekstdə Azərbaycan artıq tranzit ölkədən daha çox – regional logistika
qovşağına çevriləcəkdir. Ermənistanın da bu layihədə iştirak perspektivi isə sülhün
iqtisadi əsaslarını daha da gücləndirəcək.
Cənab Prezident Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası
kimi qurumların fəaliyyətini kəskin tənqid etdi. Azərbaycanın 2001-ci ildən
Avropa Şurası üzvü olmasına baxmayaraq, xüsusilə 2023-cü ilin sentyabrında

Azərbaycanın Qarabağda separatçılığa son qoymasından sonra tətbiq edilən
məhdudiyyətlər rəsmi Bakı tərəfindən siyasi motivli addım kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin arqumentinə görə, Azərbaycanın ərazi bütövlüyünün
bərpası beynəlxalq hüquqa uyğun olsa da, bəzi Avropa institutları bunu fərqli
standartlarla qiymətləndirir. Bu isə beynəlxalq münasibətlər sistemində selektiv
yanaşma problemini bir daha gündəmə gətirir.
Cənab Prezidentin vurğuladığı kimi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə
qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik.
2021–2026-cı illər ərzində Avropa Parlamentinin Azərbaycanla bağlı 14 qətnamə
qəbul etməsi qərəzli siyasi xəttdir. Cənab Prezident bu sənədləri “böhtan və
yalanlarla dolu” adlandıraraq, onların sülh prosesinə töhfə vermək əvəzinə, əksinə,
sabotaj xarakteri daşıdığını qeyd etdi.
Bu kontekstdə Azərbaycan Respublikasinin parlamentinin mayın 1-də Avropa
Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırması, Avropa İttifaqı-
Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoyması və
Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara
başlaması ilə bağlı rəsmi qərarı institusional cavabdır. Bu addım həm də
Azərbaycanın beynəlxalq münasibətlərdə daha selektiv və milli maraqlara
əsaslanan siyasət yürütmək niyyətinin təzahürüdür.
Çıxışın yekun hissəsində cənab Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanı
Zirvə görüşünə ev sahibliyi münasibətilə təbrik edərək, Azərbaycanın sülh
gündəliyinə sadiqliyini bir daha vurğuladı. Bu mesaj göstərir ki, bütün xarici
təzyiqlərə və institusional maneələrə baxmayaraq, Bakı regional sabitliyin təmin
olunmasında maraqlıdır.
Ümumilikdə, dövlət başçımızın bu çıxışı Azərbaycanın sülh vasitəsilə iqtisadi
inteqrasiya, balanslı diplomatiya və beynəlxalq platformalarda daha iddialı iştirak
strategiyasını aydın şəkildə nümayiş etdirir. Mövcud reallıqlar fonunda Azərbaycan
yalnız regional deyil, həm də Avropa siyasi sistemində söz sahibi aktor kimi
mövqeyini möhkəmləndirməyə davam edir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Digər xəbərlər