Müstəqil Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Lənkəran rayonunda məktəblilər arasında bilik yarışı təşkil edilib.
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı və Lənkəran şəhəri üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışa rayon üzrə 5 coğrafi zonanı təmsil edən komandalar qatılıb və hər komanda 9, 10, 11-ci sinif şagirdlərindən ibarət 6 nəfərlə təmsil olunub. Komandalar Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi və Azərbaycan tarixində rolu ilə bağlı sualları cavab veriblər.
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşların, YAP fəalların, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları və müəllim heyətinin iştirak etdikləri tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Açılış nitqində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin gənc nəsil üçün örnək olduğunu deyən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev onu da əlavə edib ki, belə bilik yarışları məktəblilərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında bu cür tədbirlərin şagirdlərin bilik və dünyagörüşünün inkişafında mühüm rol oynadığını vurğulayıb, Heydər Əliyev irsinin öyrənilməsinin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Çıxışında yarışın təşkilinə görə əməyi olanlara təşəkkürünü bildirən Lənkəran şəhəri üzrə təhsil sektorunun müdiri Ağamməd Şəmmədov belə tədbirlər şagirdlərin elmə marağının artırılmasında, eləcə onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətindən danışıb, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yarışın yekununda qalib komandalar müəyyən edilərək Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı tərəfindən diplom, təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunublar. Eyni zamanda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş təhsil işçilərinə üzvlük vəsiqələri təqdim edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü