PDF Oxu

Siyasət

  • 449

Dövlətimiz beynəlxalq müsvəvidə yüksək mövqeyini bir daha təsdiqlədi - FOTO

image

“Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Belə bir geostrateji şəraitdə milli dövlətlərin qlobal sistemdə yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətdən də asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir. Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi
Birliyinin 8-ci sammitində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı dövlətimizin beynəlxalq müsvəvidə yüksək mövqeyini bir daha təsdiqlədi”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Avropa Siyasi Birliyi də Azərbaycanın faydalandığı beynəlxalq platformalardan biridir. Nəzərə alaq ki, Avropa Siyasi Birliyi nisbətən gənc beynəlxalq platformadır. 2022-ci ildə yaradılan bu platformanın əsas məqsədi Avropanın siyasi məkanında həm Avropa İttifaqına üzv, həm də üzv olmayan dövlətləri ortaq dəyərlər, təhlükəsizlik və enerji məsələləri ətrafında birləşdirməkdir. Yaranan gündən etibarən bu platforma aktual mövzuların müzakirəsini ön planda tutur – Rusiya-Ukrayna müharibəsi, enerji böhranı və Avropada artan geosiyasi parçalanma fonunda Avropa Siyasi Birliyi bir növ “siyasi dialoq və həmrəylik platforması” kimi meydana çıxıb. Platforma Avropanın sərhədləri daxilində demokratiya, təhlükəsizlik, enerji müstəqilliyi və geosiyasi sabitlik məsələlərinin müzakirə olunduğu ən geniş siyasi platforma hesab olunur. Qurumun ilk
toplantısı 2022-ci ilin oktyabrında Praqada keçirilib. Azərbaycan kimi mühüm tərəfdaşların iştirakı isə bu platformalara real məzmun qazandırır. Çünki Azərbaycan bu gün mühüm bir coğrafiyada formalaşdırdığı yeni siyasi-iqtisadi reallıqlarla Avrasiyanın yeni gündəmini yaradır. Yeni regional təhlükəsizlik arxitekturası qurmaqla,
Zəngəzur dəhlizi (TRİPP) ideyasını gerçəkləşdirməklə, Orta Dəhlizin diversifikasiyasını həyata keçirməklə, Şərq-Qərb kontenti üzrə əlaqələrin inteqrasiyasına yeni bir nəfəs verməklə Azərbaycan qlobal cənub ilə Qlobal Şimal, Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. “Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq”,-deyə dövlətimizin başçısı vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu platformada hər zaman arzuolunan tərəfdaş və etimada layiq qonaq kimi iştirak edir. Avropa Siyasi Birliyinin təşkilatçılarının Bakını bu müzakirələrə dəvət etməsi Azərbaycanın regionda sabitləşdirici və birləşdirici roluna verilən qiymətin təzahürüdür. Prezident İlham Əliyevin Zirvə toplantılarında iştirakı zamanı qarşı tərəfin təşəbbüskarlığı, Avropa liderlərinin görüşlərə xüsusi maraq göstərməsi diqqətçəkicidir. Avropa liderləri
anlayırlar ki, Qafqazda sülh və enerji təhlükəsizliyi məsələləri Azərbaycanın iştirakı olmadan həll edilə bilməz. Bakı enerji təhlükəsizliyi, nəqliyyat və regional sabitlik məsələlərində Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilib.
Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışında deyib ki, indi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. “Ermənistanın baş naziri ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da belə Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğuladı və ümidvar olduğunu bildirdi ki, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Nikol Paşinyan Ermənistanın və Azərbaycanın “Avropa Siyasi Birliyi”nin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də vurğuladı. Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koşta və digər liderlər də çıxışlarında Cənubi Qafqazda dayanıqlı sülh üçün Azərbaycan və Ermənistanın səylərini yüksək dəyərləndiriblər.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan bu platformada öz milli maraqlarını da qətiyyətlə qoruyur. Prezident İlham Əliyev çıxışında bəzi Avropa təsisatlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin postmüharibə dönəmində ölkəmizə qərəzli qətnamələr qəbul etmələrini bəyan etməsi də bunun göstəricisidir.
“Bütövlükdə, Azərbaycan Avropa Siyasi Birliyi kimi mühüm beynəlxalq platformada milli maraqlarını qorumaqla yanaşı, regionda dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqinə mühüm töhfə verir. Bu gün Avropa ölkələri üçün Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də sülh və sabitliyin qarantı kimi dəyərləndirilir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər