Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatında ictimai-siyasi proseslərdə uzun illər fəallıq göstərmiş 1 və 32 saylı ərazi partiya təşkilatlarının sədrləri Məhəmməd Şahbazov və Mehti Əsədullayevin yubileyləri münasibətilə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yubilyarları doğum günləri münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqillik tarixində mühüm rol oynayan, xalqa və dövlətə xidmət prinsiplərinə əsaslanan siyasi təşkilatdır.
İlqar İlyasov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, eləcə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni inkişaf mərhələsinə qədəm qoyub, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində partiyanın cəmiyyətdəki nüfuzu daha da artıb.
YAP Laçın rayon təşkilatının sədri vurğulayıb ki, partiyanın qazandığı uğurlarda təşkilati işlərə məsuliyyətlə yanaşan veteran partiya üzvlərinin mühüm xidmətləri var.
Partiya veteranları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, bundan sonra da partiyanın fəaliyyətində fəal iştirak edəcəklərini qeyd ediblər.
Sonda yubilyarlara partiyanın fəaliyyətində səmərəli iştiraklarına görə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.