PDF Oxu

Siyasət

  • 792

Ölümsüzlüyə qovuşan ömür

image

Sovet İttifaqı Qəhrəmanı adını alan ən gənc azərbaycanlı

İllər keçsə də 20 yaşında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Mirzə Cəbiyevin adı Astara rayonunda böyük hörmətlə çəkilir, kiçik də, böyük də onunla qürur duyur. Cəsurluğu, igidliyi, doğma yurda, insanlara sevgisi burada örnək məktəbi kimi gənclərin vətənpərvər ruhda, torpağına, xalqına bağlı böyüməsində əsas rol oynayır. Qəhrəman Mirzə bu həyatda 53 il ömür sürmüş, bir qayda olaraq Vətəninə, millətinə, el-obaya təmənnasız xidmət göstərməklə nüfuz qazanıb, əbədi olaraq ürəklərdə özünə yurd-yuva qurub.
Mirzə Ağamurad oğlu Cəbiyev 22 fevral 1925-ci ildə Astara rayonunun Hamoşam kəndində dünyaya göz açıb. 1943-cü ildə, 18 yaşında Alman faşistləri ilə müharibəyə qoşulan astaralı döyüşçü, Berlinə qədər ağır döyüş yolu keçib, böyük qəhrəmanlıqlar göstərib. Əsl Azərbaycan oğlu olaraq ciddi sınaqlardan alnıaçıq çıxıb, hünəri hamını heyran qoyub. Ən böyük qəhrəmanlığı isə 1945-ci ilin 6 aprelində Keniqsberq şəhəri ətrafındakı döyüşlərdə olub. Gənc komandiri öz bölməsi ilə düşmənə güclü müqavimət göstərərək, şəhərin ən hündür qalasına qələbə bayrağını sancıb. Bu qəhrəmanlığa görə Mirzə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Mirzə Cəbiyev qələbədən sonra doğma kəndinə qayıdır buranın sosial-iqtisadi inkişafından ötrü əlindən gələnini edib. Müxtəlif vəzifələrdə çalışıb, bir müddət Hamoşam kəndində təsərrüfat rəhbəri olub. Ən əsası odur ki, ötən əsrin altmışıncı illərdə böyük çətinliklə, heç bir texnikadan istifadə olunmadan, əllə mürəkkəb dağlıq relyefə malik Hamoşam kəndinə ilk avtomobil yolu çəkdirib. Elin şöhrətli oğlu yalnız yaxşı işlər görməyi, əl tutmağı özünə həyat amalı sayıb, Tanrının verdiyi ömür payını insanların xoş güzəranına sərf etməklə ləyaqətli həyat yolu keçib. Ədalətli rəhbər, insanları, doğma yurdunu həqiqi məhəbbətlə sevən dəyərli bir şəxsiyyət kimi adı bütün Azərbaycana yayılıb.

Nəcib, xeyirxah əməlləri hesabına gözəl yadigarlar qoyan Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyev 1978-ci il haqq dünyasına qovuşub. Yatdığı torpaq doğma kənd qəbiristanlığıdır. Onun qəbirüstü abidəsi yüksək səviyyədə götürülüb. Astara şəhərində büstü qoyulub. Bir vaxtlar təhsil aldığı Hamoşam kənd tam orta məktəbi qəhrəmanın adını daşıyır, Astara şəhərinin mərkəzi küçələrinin birinə Mirzə Cəbiyevin adı verilib və doğma kəndində ev muzeyi vardır.
Bəli, ömrünü Vətəninə verən , eli-obası üçün fədakarlıq göstərən Mirzə Cəbiyev astaralılar tərəfindən heç vaxt unudulmur. Bir qayda olaraq qəhrəmanın doğum, anım günlərində əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarı ziyarət edilir və önünə gül dəstələri qoyulur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər