PDF Oxu

Siyasət

  • 498

“Avropa Siyasi Birliyi” Zirvə görüşü Azərbaycanın beynəlxalq nüfuzunun yeni göstəricisi oldu - ŞƏRH

image

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında həm regional sülh prosesi, həm Ermənistanla münasibətlərin normallaşması, həm də Avropa təsisatlarının yanaşmaları ilə bağlı mühüm məqamlar yer aldı.

Ən diqqətçəkən məqamlardan biri 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı qərarın açıqlanması oldu. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu təşəbbüs qəbul olunub və Ermənistan da Azərbaycanın namizədliyini dəstəkləyib. Bu fakt regionda yeni siyasi reallığın formalaşdığını göstərən mühüm göstəricidir.

Azərbaycan son illərdə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə öz diplomatik imkanlarını genişləndirib. Bakı artıq qlobal və regional müzakirələrin aparıldığı əsas platformalardan birinə çevrilib. “Avropa Siyasi Birliyi” kimi nüfuzlu platformanın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq etimad qazandığını nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında Ermənistanla sülh prosesinə də xüsusi diqqət ayırdı. O bildirdi ki, artıq doqquz aydır region sülh şəraitində yaşayır və tərəflər sülh mühitinə uyğunlaşmağa çalışırlar. Bu fikirlər onu göstərir ki, Azərbaycan postmünaqişə dövründə sabitliyin təmin olunmasını əsas prioritet hesab edir.

Sülhün praktik nəticələri də artıq görünməkdədir. Azərbaycan Ermənistana tətbiq edilən tranzit məhdudiyyətlərini aradan qaldırıb və bu addım nəticəsində artıq minlərlə ton yük Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılıb. Bundan başqa, Azərbaycan ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac etməyə başlayıb. Bu addımlar iqtisadi əlaqələrin formalaşmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edir.

Çıxış zamanı dövlət başçısı Avropa Parlamenti və AŞPA-nın fəaliyyətinə də toxundu. Prezident İlham Əliyev vurğuladı ki, bəzi Avropa təsisatları Ermənistan-Azərbaycan sülh prosesinə konstruktiv yanaşma nümayiş etdirmir və ikili standartlardan çıxış edir. Xüsusilə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrin qərəzli xarakter daşıdığı qeyd olundu.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra beynəlxalq hüququn tələblərini yerinə yetirmiş oldu. Qarabağda separatizmə son qoyulması ölkənin qanuni hüququ idi. Buna baxmayaraq, bəzi dairələrin Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi regionda sülh prosesinə mənfi təsir göstərir.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas tərəfdarlarından biridir. Bakı həm siyasi, həm iqtisadi, həm də nəqliyyat layihələri vasitəsilə bölgənin gələcəyinə töhfə verir. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi layihələr də regionun kommunikasiya imkanlarını genişləndirəcək.

Nəticə etibarilə, “Avropa Siyasi Birliyi” Zirvə görüşündə Azərbaycanın ortaya qoyduğu mövqe ölkəmizin beynəlxalq siyasətdə artan rolunu və regionda sabitlik üçün əsas aktorlardan biri olduğunu təsdiqlədi.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər