PDF Oxu

Siyasət

  • 1 201

Cənubi Qafqazda yeni siyasi reallıq və Bakının rolu - ŞƏRH

image

2026-cı il mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı regionun siyasi gündəmində mühüm hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə videobağlantı formatında qoşularaq mühüm mesajlar verdi və Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin başlandığını nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Ermənistanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünə ev sahibliyi etməsi təşəbbüsünü Azərbaycan əvvəldən dəstəkləyib. Dövlət başçısı qeyd edib ki, bir il əvvəl Tiranada keçirilən görüş zamanı Antonio Koşta və Ursula fon der Lyayen onun bu məsələyə münasibətini soruşublar və Azərbaycan tərəfi bu təşəbbüsə müsbət yanaşıb. Prezident Əliyev eyni zamanda tarazlı yanaşmanın qorunması məqsədilə növbəti Zirvə toplantılarından birinin Azərbaycanda keçirilməsini təklif etdiyini və bu təklifin qəbul olunduğunu diqqətə çatdırıb.
Beləliklə, “Avropa Siyasi Birliyi”nin 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşü artıq beynəlxalq siyasi gündəliyin mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Xüsusilə diqqət çəkən məqam Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi oldu. Prezident İlham Əliyev bunu Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı vurğulayıb ki, tərəflər cəmi doqquz aydır sülh şəraitində yaşayırlar və hazırda sülh mühitinə uyğun yeni münasibətlər formalaşdırılır.
Bu çıxış Azərbaycanın regionda sülh və əməkdaşlıq təşəbbüslərinin əsas tərəfdarlarından biri olduğunu bir daha nümayiş etdirdi. Son illərdə ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və multikultural dəyərlərin təşviqi istiqamətində həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Məhz bu səbəbdən 2028-ci ildə Bakıda keçiriləcək Zirvə görüşü həm Avropa ilə əməkdaşlığın genişlənməsi, həm də Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin videobağlantı formatında etdiyi çıxış diplomatik baxımdan mühüm mesajlarla yadda qaldı. Bu çıxış bir tərəfdən Azərbaycanın beynəlxalq dialoqa açıq mövqeyini göstərdisə, digər tərəfdən regionda qarşılıqlı etimadın formalaşması üçün yeni siyasi imkanların yarandığını nümayiş etdirdi. Azərbaycanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına ev sahibliyi etməsi ölkəmizin Avropa siyasi məkanında artan rolunun və beynəlxalq nüfuzunun növbəti təsdiqi hesab olunur.

Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər