8 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş nahar süfrəsi təşkil edilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, partiya fəalları və partiya veteranları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxışında qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası daim Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkəmizin inkişafına öz töhfəsini verir. Bildirilmişdir ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan yeni nailiyyətlər qazanır. Ulu Öndərin xalqına bağlılığı, dövlətçilik prinsipləri və milli maraqlara söykənən siyasəti bu gün də hər bir azərbaycanlı üçün örnəkdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, müasir Azərbaycanın inkişafı naminə həyata keçirdiyi mühüm islahatlar və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, bu gün Ulu öndərin siyasi kursunu uğurla davam etdirən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi zəfərlərə imza atdı. Şanlı Ordumuz Cəbrayıla, Füzuliyə, Şuşaya və Xankəndiyə üçrəngli bayrağımızla daxil oldu. Suveren Azərbaycanımızın hər qarış torpağında bu gün müqəddəs bayrağımız qürurla dalğalanır.
Tədbirdə çıxış edən şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərini yüksək qiymətləndirmiş, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulamışlar.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.
Sonda xatirə şəkli çəkdirilmişdir.